“Dəmir yumruğ”u öpmək istəyən xanəndə

“Dəmir yumruğ”u öpmək istəyən xanəndə
  • Cəmiyyət / Maraqlı

  • Prezident İlham Əliyevin Cəbrayıla dünənki səfəri bir sıra məqamlarla yadda qalıb.

    Dövlət başçısı Cəbrayıldan olan ictimaiyyət nümayəndələri ilə görüşərkən Əməkdar artist Yaqut Abdullayeva çıxış edib.

    Xanəndə 44 günlük Vətən müharibəsindən sonra bir arzusu olduğunu - “dəmir yumruğ”u öpmək istədiyini dilə gətirib.

    Daha sonra Y.Abdullayeva Prezidentə yaxınlaşıb və dövlət başçısı onunla görüşüb, lakin əlindən öpməyə qoymayıb.

    Yaqut Abdullayeva görüş təəssüratlarını Modern.az-la bölüşərkən doğma torpağa ayaq basmağın sözlə ifadə olunmayacaq bir hiss olduğunu vurğulayıb:

    “Təəssüratlarım elə görüntülərdəki kimidir. Bizim prezidentimiz çox səmimi, sadə insandır. O anları yaşadığım, Cəbrayıla getmək arzum həyata keçdiyi üçün özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. Torpağıma ayaq basdım, el-obamı gördüm. Prezidentimiz bizlə o qədər səmimi davrandı ki, mən inanmıram dünyada onun kimi insan, dövlət başçısı olsun. Millətimiz kimi millət, rəhbərimiz kimi rəhbər, dövlətimiz kimi dövlət yoxdur. Yetər ki, biz özümüzün qədrini bilək, dəyər verək. Ayağım torpağıma dəyibsə, yaşadığım hisslər sözlə ifadə oluna bilməz. Allahıma sonsuz təşəkkür edirəm ki, bu xoşbəxtliyi mənə yaşatdı”.

    Xatırladaq ki, “Dəmir yumruq” Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək işğal altındakı torpaqların azad edilməsi uğrunda apardığı döyüş əməliyyatlarının adı olub.

    Yaqut Abdullayeva 1954-cü ildə Cəbrayıl şəhərinin Yarəhmədli məhəlləsində anadan olub. Sənətə doğru ilk addımını Cəbrayıldakı M.Qorki (indiki akademik M.Mehdizadə) adına 1 saylı şəhər orta məktəbinin 6-cı sinifdə oxuduğu zaman atıb. 

    1971-ci ildə 17 yaşında Cəbrayıl rayon Mədəniyyət evinin “Çinar” ansamblının solisti kimi ilk dəfə televiziyada çıxış edib.

    1973-cü ildə İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil olub. Sonra “Xatirə” xalq çalğı alətləri ansamblının solistləri sırasına qəbul edilib.

    1982-86-cı illərdə Opera və Balet Teatrında fəaliyyət göstərib. Burada “Leyli və Məcnun”da Leyli obrazını yaradıb, “Şah İsmayıl”da Ərəbzənginin, “Gəlin qayası”nda Sənəmin partiyalarını ifa edib.

    1973-cü ildən məşhur tarzən, Xalq artisti Əhsən Dadaşovun adını daşıyan xalq çalğı alətləri ansamblının solistidir. 

    1978-ci ildən, yəni Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən vaxtdan həmin təhsil müəssisəinin Vokal kafedrasında çalışır. Universitetin dosenti tələbələrə muğam və xalq mahnıları fənnindən dərs deyir.

    Azərbaycan Respublikasının Əməkdar artistidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər