Qəhrəmanlığı ilə dastan yazan şəhid Əlisa Əliyev

Qəhrəmanlığı ilə dastan yazan şəhid Əlisa Əliyev
  • Cəmiyyət / Maraqlı

  • Ötən il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi işğalda olan vətən torpaqlarının azad olunması ilə nəticələndi. Xalqımızın igid oğulları qorxmadan könüllü olaraq silaha sarılıb döyüş meydanına atıldılar. Torpaqlarımızın azadlığı kimi müqəddəs amal uğrunda savaşaraq şəhid olmağı özlərinə şərəf saydılar. Belə qəhrəmanlarımızdan biri də 20 yaşında şəhadətə qovuşan Əlisa Əliyevdir.

    LEQAL.AZ xəbər verir ki, Əlisa Arif oğlu Əliyev 2000-ci il yanvarın 8-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. 2018-ci ildə həqiqi hərbi xidmətə yollanan Əlisa xidmətini yenicə bitirmişdi ki, Vətən müharibəsi başlandı. Vətənini, xalqını canı qədər sevən igid əsgər 2020-ci il sentyabrın 29-da müharibəyə könüllü yollandı. Bir çox hərbi əməliyyatlarda iştirak edərək, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd və Şuşa uğrunda gedən şiddətli döyüşlərdə şücaətlə vuruşdu. Ötən il noyabrın 6-da Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən yaxınlığına düşən düşmən mərmisinin partlaması nəticəsində qəhrəmancasına şəhid oldu. İndi Əlisanın valideynləri övladlarının igidliyi və şəhidliyi ilə qürur duyurlar.

    Şəhidin atası Arif Əliyev ki, oğlu torpaqlarımızın azad olunması istəyi ilə alışıb-yanırdı. “Əlisa deyirdi ki, “müharibə başlasın torpaqlarımızı düşmən tapdağından azad edək. Bu, bizim qanımız bahasına da olsa həyata keçəcək”. Mən oğlumla fəxr edirəm. Bizi arzumuza çatdırdı. İndi Vətənimiz qalib bir ölkədir”.

    Şəhidin anası Leyla Əliyeva da oğlu ilə qürur duyur. “Mən fəxr edirəm ki, belə oğlum olub. O, həm də Vətənin övladıdır. Mənə həmişə deyərdi ki, “mənim iki anam var: biri Vətən, biri də sən”, - deyə Leyla Əliyeva bildirib.

    Bu gün şəhid övladları cismən yanlarında olmasa da, müharibədə göstərdiyi qəhrəmanlıq hekayələrini dinləyəndə, həmçinin ondan geriyə qalan şəxsi əşyalarından ibarət olan xatirə dolu otağa daxil olanda cəsur, vətənpərvər Əlisanın ürəklərdə yaşadığı hiss olunur.

    Şəhidin qardaşı Amid Əliyev bildirib ki, Əlisa hər kəslə mehriban idi. Hər zaman qardaşına arxa-dayaq olub: “Qardaşımla fəxr edirəm. Vətən sağ olsun! Bütün şəhidlərimizin qarşısında baş əyirəm”.

    Şəhidin bacısı Əfsanə Manafova isə qardaşının döyüşdüyü yerlərə - Cəbrayıla, Şuşaya, digər azad olunan torpaqlara səfər etmək istəyir. İstəyir ki, Əlisanın ayağının dəydiyi o yerlərdə qardaşının qəhrəmanlığından hər kəsə ağız dolusu danışsın. “Həmin torpaqlar müqəddəs ərazilərdir. Şəhidlərimizin qanları ilə suvarılıb. O yerləri ziyarət etmək istəyirəm. Onun gəzdiyi, vuruşduğu torpaqları görmək arzumdur. Mən qardaşımla fəxr edirəm. Ruhu şad olsun”, - deyə şəhid bacısı əlavə edib.

    Qəhrəman şəhid əsgər Masallı rayonunun Qızılağac kənd qəbiristanlığında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Əlisa Arif oğlu Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Allah bütün şəhidlərimizi rəhmət eləsin!



    PAYLAŞ:

    Oxşar xəbərlər