Cavid Qurbanovun barəsində yayılan hədyanlara “Ömər Aşırımı”ndan baxış

Cavid Qurbanovun barəsində yayılan hədyanlara “Ömər Aşırımı”ndan baxış
  • Cəmiyyət / Maraqlı

  • Qəlbləri məftun etmək böyük qələbədir. Bu qələbə yalnız mənəviyyatdan doğan və gözəl əməllərə əsaslanan ləyaqətli etimad hesabına əldə edilir. Haqqında söz açdığım böyük şəxsiyyət də ümumxalq məhəbbətini məhz yüksək mənəvi keyfiyyətləri və saleh əməlləri hesabına qazanmışdır.

    Onun uğurunu şərtləndirən əsas amil hər şeyi ruh yüksəkliyi ilə etməsidir desəm, yanılmaram. Ruh yüksəkliyi qəhrəmanın əsas atributlarından biridir, çünki yüksək dəyərlərin hamısına məhəbbəti daha da avovlandırır: zövqə incəlik, ürəyə böyüklük, fikirlərə qanad, xarakterə alicənablıq, şəxsiyyətə əzəmət verir. Ruh yüksəkliyi nə vaxt peyda olursa-olsun, onu o saat hiss edirsən. Hətta paxıl fələk onu zülmə düçar edəndə imkanları məhdudlaşsa da, o, göylərə can atır, arzularda böyüyür. O, mərdliyin, fədakarlığın və qəhrəmanlığın bütün nümunələrinin mötəbər mənbəyidir.

    “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri cənab Cavid Qurbanovun barəsində ictimai rəy əsasən belə olub ki, o, harada işləyibsə, hər zaman Azərbaycan dövlətinə, millətinə xidmət edib. Bu məqam Cavid müəllimin haqqında deyilən bütün fikirlərin, yazılan bütün oçerk və məqalələrin əsas qayəsini təşkil edib.

    Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbərlik etməyə başladığı 2015-ci ildən bəri bu sahədə sözün həqiqi mənasında baş verən canlanma, səliqə-səhman, dəmir yollarımızın tamamilə yenidən qurulması, dünya standartları səviyyəsinə çatdırılması, dəmir yollarında çalışan minlərlə işçilərin rifah səviyyəsinin yüksəlməsinə xidmət edən tədbirlər, yeni kadrlara üstünlük verilməsi, fəaliyyətin səmərəliliyinin təşkili üçün müasir texniki innovasiyaların tətbiqinin genişləndirilməsi, idarədə bütün sənədləşdirmə işlərinin elektronlaşdırılması və s. daim təqdir olunub.

    Cavid müəllimin həm də Milli Məclisin deputatı olduğu dönəmdə seçicilərinin ümidlərini doğrulması, parlamentdə əhalinin xeyrinə olan məsələləri hər zaman gündəmə gətirməsi, deputat seçildiyi Kəlbəcər əhalisi ilə daim görüşməsi, onlara yardımlar etməsi, Aşıq Qurban Ağdabanlının nəticəsi kimi mənsubu olduğu şərəfli nəslin nəcib xüsusiyyətlərini daşıyaraq məcburi köçkün düşmüş ellilərinin problemlərinin həlli üçün əlindən gələn köməkliyi əsirgəməməsi həmişə alqışlanıb.

    Cavid Qurbanov dövlətçi, etibarlı, daşıdığı ideyalara, mənəvi dəyərlərə çox sadiq insan, həm də gözəl ailə başçısı kimi, həm də yaradıcı şəxsiyyət kimi  xarakterizə olunub. Rəhmətlik babası Dədə Şəmşirin yaradıcılıq istedadı, şeir yazmaq bacarığı ona da keçib. Dədə Şəmşir irsinə ehtiram göstərən qələm adamları da Cavid müəllimin səxavətindən pay alıblar. O, neçə-neçə istedadlı gəncin pərvazlanmasına vəsilə olub.

    Xalqımızın öz milli dəyəri – Dədə Şəmşir ocağının yadigarı kimi qəbul etdiyi Cavid müəllimin Vətən qarşısında xidmətləri dövlətimiz tərəfindən yüksək qimətləndirilib. O, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

    Şükürlər olsun ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan Ordusu keçən ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsində qələbə qazanaraq, işğal altında olan Qarabağı, o cümlədən, Kəlbəcəri yağı tapdağından azad etdi. Cavid Qurbanovun və bütün kəlbəcərlilərin arzuları həyata keçdi.

    Kəlbəcərin qeyrətli oğlu Cavid Qurbanovun məqsədi, məramı indi də bu eldə həyata keçirilməkdə olan dinc quruculuq işlərinə yönəlib. Lakin çox təəssüflər olsun ki, indi bəzi destruktiv qüvvələrdən yal alan KİV-də Cavid Qurbanovun haqqında hədyan informasiyalar yayılır. Aydın məsələdir ki, Cavid müəllimin yuxarıda qeyd etdiyimiz və hələ sadalamadığımız tərifəlayiq xidmətlərini görməzdən gəlmək ən azı ədalətsizlikdir və çox güman ki, başqa mətləblərdən xəbər verir. Bu böhtanlar bir ayrı prizmadan yanaşanda dövlətə, dövlətçiliyə qarşı təxribat kimi də qiymətləndirilə bilər.

    İşğaldan azad edilmiş Kəlbəcərin abadlaşdırılması, orada erməni vandallığının miras qoyduğu xarabalığın yerində cənnət qurmaq, düşmən tapdağından qurtulmuş ərazilərimizin infrastrukturunu yeniləmək, eləcə də dəmiryol sistemini təzələmək  əzmində və iqtidarında olan dövlətimizi, bir neçə gün əvvəl Kəlbəcərin Ömər Aşırımında durub gələcək daha firavan günlərin mesajını verən möhtərəm Prezidentimiz İlham Əliyevi Cavid Qurbanov kimi etibarlı sadiq silahdaşdan məhrum eləməyə hesablanmış addımlar təxribat deyil, bəs nədir? Söz yox, düşmənləri belə Cavid Qurbanova etibar edir, bilirlər ki, o, özünü onların səviyyəsinə endirməyəcək. Amma hər şeyin bir əndazəsi var, aşılmamalıdır. Belə bədniyyətli cəhdlərin uğursuzluğa məhkumluğu qabaqcadan bəllidir.

    Tural Kəlbəcərli,
    “Ağdabanın səsi” qəzetinin baş redaktoru
    PAYLAŞ:

    Oxşar xəbərlər