Mayın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanovun “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdən öncə MEK-in foyesindəki Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi yad edilib.
Bu barədə Leqal.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dünyaşöhrətli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda da təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb. AMEA-da Ulu Öndərin yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlər haqqında məlumat verən akademik İsa Həbibbəyli Azərbaycan elmi ictimaiyyətinin bu kimi tədbirlərlə Ümummilli Lider qarşısında mənəvi borclarını yerinə yetirdiklərini deyib. O, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə töhfə olaraq AMEA-da 30-dan çox elmi, elmi-publisistik, bədii əsərin nəşrinin planlaşdırıldığını qeyd edərək, onlardan 21-nin artıq işıq üzü gördüyünü diqqətə çatdırıb.
Hazırda ölkəmizdə Əliyevşünaslıq adlı elmi istiqamətin formalaşdığını deyən akademik İsa Həbibbəyli Ulu Öndərin zəngin irsinin bütün dünyada tanıdılması üçün əhəmiyyətli işlərin görüldüyünü, elmi-populyar nəşrlərlə yanaşı, sistemli və fundamental tədqiqatların, yüksək tələblərə cavab verən nəzəri xarakterli əsərlərin nəşr olunduğunu vurğulayıb. Qeyd edib ki, il ərzində çap olunmuş kitablar, keçirilən konfranslar Ulu Öndərin həyatının, yorulmaz fəaliyyətinin, ideallarının fonunda müstəqillik uğrunda aparılan mübarizənin ən aktual məsələlərindən biridir.
O, Misir Mərdanovun son 20 illik dövr ərzində Heydər Əliyevə və onun epoxasına həsr olunmuş çoxsaylı kitablar ərsəyə gətirdiyini bildirib, “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının əsas xüsusiyyətləri haqqında məlumat verib. Qeyd edib ki, Misir Mərdanovun yeni kitabında qoyulmuş məsələlərin bir çoxu alimin daha əvvəllər nəşr olunmuş kitablarında ayrı-ayrı istiqamətlər kimi təqdim olunub. “Hesab edirəm ki, Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabı çoxillik ənənəsi olan Azərbaycan Heydər Əliyevşünaslığına çox qiymətli bir töhfədir”, - deyən akademik İsa Həbibbəyli kitabın elmi tədqiqatlar, elmi dəyərləndirmələr, ideyalar, həyat müşahidələri əsasında tərtib olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Misir Mərdanovun Ulu Öndərin şəxsiyyətinə, ideallarına olan xüsusi ehtiramı sanballı bir əsərin meydana çıxmasının əsas səbəblərindən biridir. Bu kitab Ümummilli Liderin müstəqillik uğrunda mübarizəsini, müstəqillik əldə etmək üçün keçdiyi çətin yolu əyani şəkildə görmək üçün əhəmiyyətli mənbədir. İsa Həbibbəyli müəllifin kitabda öz müşahidələri əsasında yeni faktları, simaları və əhvalatları, eləcə də hadisə iştirakçılarının fikirlərini təqdim etdiyini vurğulayıb və əsəri yüksək qiymətləndirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar çıxış edərək “Heydər Əliyev İli”ndə Prezident İlham Əliyevin Ulu Öndərin 100 illik yubileyini məhz tarixi Zəfərimizin tacı olan Şuşada qeyd etməsinin, oradan xalqa müraciət etməsinin əhəmiyyətinə toxunub. O, Heydər Əliyev haqqında yazılmış əsərlər arasında bu görkəmli şəxsiyyəti şəxsən tanıyan, onunla yaxından təmasda olanların təqdim etdiyi faktların tarixi həqiqətlərin gələcək nəsillərə dəqiqliklə ötürülməsi baxımından önəmini qeyd edib. Anar kitabda Heydər Əliyevin obrazı ilə yanaşı, onunla işləyən insanların müsbət və mənfi keyfiyyətlərinin də əks olunduğunu diqqətə çatdırıb. O, mənəvi dəyərlərin qorunub saxlanılmasına hər zaman böyük diqqət ayıran Ümummilli Liderin bugünkü Azərbaycanın modelini yaratdığını vurğulayıb, kitabı yüksək dəyərləndirib.
Tədbirdə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, Yeni Azərbaycan Partiyasının (YAP) Ağsaqqallar Şurasının sədri Arif Rəhimzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov dünyaşöhrətli siyasətçinin tarixdəki rolu, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri, respublikamızın hərtərəfli inkişafına hesablanmış müdrik və uzaqgörən siyasəti barədə danışıblar. Bildirilib ki, uzun və gərgin əməyin məhsulu olan kitabda hadisələr zəncirvari şəkildə bir-birini tamamlayır. Yeni nəşrdə Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin mənəvi obrazı yaradılıb.
Sonda kitabın müəllifi Misir Mərdanov Ulu Öndər Heydər Əliyevlə bağlı unudulmaz xatirələrini bölüşüb. O, kitabın məziyyətləri haqqında danışaraq, nəşrin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin iştirakçılarına minnətdarlığını bildirib.