Prezident İlham Əliyev: Gürcüstan və Azərbaycanın birgə enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb

Prezident İlham Əliyev: Gürcüstan və Azərbaycanın birgə enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb
  • Siyasət

  • Enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb, regionun iki ölkəsinə - Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə, ölkələrimizin beynəlxalq tərəfdaşlar qarşısında əhəmiyyətini artırmağa imkan yaradıb. Sonradan bizə nəqliyyat layihələrinə, elektrik enerjisi istehsalı sistemlərinin birləşdirilməsi layihələrinə investisiya yatırmaq üçün güclü tərəfdaşlıq yaratmağa imkan verib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrin gedişində söyləyib.

    Gürcüstanın sabiq xarici işlər naziri xanım Eka Tkeşelaşvilinin müvafiq sualını cavablandıran dövlətimizin başçısı deyib: “Bu gün Cənubi Qafqazda əlimizdə olanların təməli bizim birgə səylərimiz sayəsində qoyulub. Çatışmayan bəndlərə gəlincə, hesab edirəm ki, Cənub Qaz Dəhlizi layihəsinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin tamamlanmasından sonra bütün bəndlər bir-birinə bağlanıb. Eyni zamanda, bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun tamamlanması Xəzər regionu, Qafqaz və Türkiyə regionunda bütün bəndləri bir-birinə bağlayıb. Buna görə də biz yeni bəndlərin yaradılması baxımından gələcək planlar haqqında düşünə bilərik. Məsələn, hazırda üzərində işlədiymiz layihələrdən biri Qərbi Balkan ölkələrinin infrastrukturuna qoşulmaqla, Avropanın enerji bazarında iştirakımızın genişləndirilməsindən ibarətdir. Biz hazırda həmin ölkələrə qazın çatdırılması üçün sabiq Yuqoslaviyanın bir neçə ölkəsi ilə fəal danışıqlar mərhələsindəyik”.

    Prezident İlham Əliyev qeyd edib ki, bir mühüm layihəni bitirdikdən, missiyanı yerinə yetirdiyinizi düşündükdən sonra bəzi yeni ideyalar yaranır. “Əminəm ki, biz faydalı əməkdaşlığın başqa sahələrini də tapacağıq, ölkələr komandasını və dostluğumuzu genişləndirəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər