Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib - VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib - VİDEO
  • Siyasət

  • Yanvarın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin və Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavini cənab Yunus Emre Karaosmanoğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

    LEQAL.AZ xəbər verir ki, Azərbaycanın Müdafiə naziri, Rusiya Federasiyası Müdafiə nazirinin müavini və Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavininin iştirakı ilə mərkəzin rəmzi açılışını bildirən lent kəsilib.

    Baş plan üzərində birgə mərkəzin yerləşdiyi ərazi, buradakı modul tipli inzibati, xidməti və yaşayış otaqları barədə mərasim iştirakçılarına ətraflı məlumat verilib.

    Sonra qonaqlar ərazidəki monitorinq mərkəzi və brifinq zalı ilə tanış olublar. Onlara birgə mərkəzin təyinatı, fəaliyyəti, vəzifə və tapşırıqları barədə qısa məlumat verilib. Bildirilib ki, Ağdam rayonu ərazisində yerləşən mərkəzin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın maddələrinin və əldə olunan razılaşmaların icrasına nəzarət etməkdir.

    Qısa brifinqdən sonra qonaqlar mərkəzin sıra meydanına gəliblər. Azərbaycan Respublikası, Rusiya Federasiyası və Türkiyə Respublikasının dövlət himnləri səsləndirildikdən sonra mərkəzin şəxsi heyəti ilə görüş keçirilib.

    Tədbirdə çıxış edən Azərbaycanın Müdafiə naziri general-polkovnik Z.Həsənov birgə mərkəzin regionda uzunmüddətli sülhün təmin edilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirərək onun şəxsi heyətinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Tədbirdə həmçinin çıxış edən Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik A.Fomin və Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavini Y.E.Karaosmanoğlu birgə mərkəzin tam həcmdə fəaliyyət göstərməsi üçün görülən işlərə və mərkəzdə yaradılan şəraitə görə Azərbaycan tərəfinə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, mərkəz birgə fəaliyyət nəticəsində qarşısında duran vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələcək, habelə bölgədə sülhün və sabitliyin təmin edilməsinə nail olacaq.

    Daha sonra mərasim iştirakçıları mərkəzin ərazisində yaradılmış infrastrukturla tanış olub, burada şəxsi heyət üçün quraşdırılmış modul tipli otaqlara baxış keçiriblər. Bildirilib ki, mərkəzin binası və ərazidəki modul tipli yataqxana, idman zalı, yeməkxana, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi lazımi avadanlıq, mebel dəsti, kommunikasiya xətləri, istilik sistemi, su və elektrik xətləri və digər vasitələr ilə təchiz edilib.
    Ərazidə avtomobil dayanacağı fəaliyyət göstərir.

    Mərkəzlə tanışlıqdan sonra qonaqlar şəxsi heyətlə birgə nahar edib.

    Tədbir Türkiyə-Rusiya dostluq xiyabanında ağacların əkilməsi və qrup fotosunun çəkilməsi ilə başa çatıb.



    PAYLAŞ:

    Oxşar xəbərlər