Noyabrın 2-də biz ölkələrimizin biznes qurumlarının rəhbərləri ilə birlikdə Azərbaycanda olduq. O vaxt biz Azərbaycanın bərpa layihələrində bizim ölkələrin sahibkarlarının iştirakının mümkünlüyü məsələsini müzakirə etdik. Hazırda bu məsələ fəal müzakirə olunur. Tezliklə Bakıda bizim sahibkarların bu işlərdə iştirakına dair böyük biznes forum keçirəcəyik.
LEQAL.AZ xəbər verir ki, bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Prezident İlham Əliyevlə videoformatda keçirilən görüşdə bildirib.
Digər türk təşkilatlarının rəhbərləri - TÜRKSOY-un Baş katibi Düsen Kurabayeviç Kaseinov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə olduğunu diqqətə çatdıran Türk Şurasının Baş katibi deyib: “Biz mədəni abidələrin bərpasında bizim təşkilatların iştirakının mümkünlüyünü də müzakirə etdik və tezliklə bizim ölkələrlə birlikdə müvafiq iş aparacaq, görüşlər keçirəcək, bu abidələrin bərpasında Azərbaycanla birlikdə necə iştirak edəcəyimizi müzakirə edəcəyik”.
Bağdad Amreyev deyib ki, rəhbərlik etdiyi təşkilat hər il türk dünyasının mədəni paytaxtını elan edir. “2022-ci ildə Şuşanın belə paytaxt elan olunmasını və mədəni xarakterli çoxlu tədbirlər keçirilməsini təklif edirik. Bu tədbirlər Şuşanın bütün türk və İslam dünyası üçün böyük mədəni əhəmiyyətini vurğulayar. Dünən biz bu məsələni xarici işlər naziri cənab Bayramovla da müzakirə etdik. Siz icazə versəniz, biz bu işə başlayarıq, 2022-ci ildə Şuşada 20-yə yaxın mədəni tədbir keçirərik. Əminik ki, o vaxta qədər Şuşa bərpa olunacaq, öz əvvəlki simasını alacaq. Biz həmişə Sizin yanınızda olmuşuq və həmişə Sizin yanınızda olacağıq”, - deyə Baş katib vurğulayıb.