İtaliya mətbuatı Prezident İlham Əliyevin fikirlərinə geniş yer ayırıb

İtaliya mətbuatı Prezident İlham Əliyevin fikirlərinə geniş yer ayırıb
  • Siyasət

  • İtaliyanın “İl Giornale”, “Askanews”, “Agenzia Nova”, “Politicamente Corretto”, “Yahoo Finanza”, “KmetroO” kimi kütləvi informasiya vasitələri yanvarın 11-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşdən sonra Prezident İlham Əliyevin mətbuata açıqlamalarına geniş yer veriblər.

    LEQAL.AZ xəbər verir ki, Prezident İlham Əliyevin bundan sonra regionun davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün keçirilmiş üçtərəfli görüşün vacibliyini vurğuladığı, imzalanmış bəyanatın tərəflərin niyyətlərinə dəlalət etdiyi və hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndinin nəqliyyat kommunikasiyalarının bərpasına aid olduğunu dediyi bildirilir. “Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”, - deyə Azərbaycan dövlət başçısının fikirləri qeyd olunur.

    Yazılarda Prezident İlham Əliyevin 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanatın uğurla həyata keçirildiyi, bu Bəyanatın bəndlərinin çox hissəsinin yerinə yetirildiyi, Rusiya sülhməramlı missiyasının öz işini səmərəli şəkildə yerinə yetirdiyi və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsasın olmadığını bildirdiyi vurğulanır. “Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”, - deyə Prezident İlham Əliyevin fikirlərinə istinad olunur.

    PAYLAŞ:

    Oxşar xəbərlər