Prezident: Ermənistana verilən dəstək bizim gücümüz və iradəmiz qarşısında sıfıra bərabər oldu

Prezident: Ermənistana verilən dəstək bizim gücümüz və iradəmiz qarşısında sıfıra bərabər oldu
  • Siyasət

  • Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, demək olar ki, Ermənistan ordusu yoxdur.

    LEQAL.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki giriş nitqində söyləyib.

    “Müharibədən sonra müşahidə olunan mənzərə onu göstərir ki, bu gün Ermənistan silahlı qüvvələri faktiki olaraq tam dağıdılıb. Ermənistan məğlub edilib və biz istədiyimizə 44 gün ərzində nail ola bilmişik. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, keçmiş Hadrut rayonunu, Xocavənd rayonunun böyük hissəsini, Suqovuşan qəsəbəsini, Murovdağ silsiləsini və Şuşa şəhərini hərbi yollarla azad etdik. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi hərbi yollarla işğaldan azad edildi. Bunun nəticəsində Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.

    Bu Qələbə tarixdə əbədi qalacaq”, - deyə Prezident vurğulayıb.

    Dövlətimizin başçısı deyib ki, bu Qələbə bütün dünyaya bizim sözümüzlə əməlimiz arasında heç bir fərq olmadığını sübut etdi: “Mən demişdim ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Mən demişdim ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Mən demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Demişdim ki, biz bu məsələni istənilən yolla həll edəcəyik və etdik, bütün təzyiqlərə, təhdidlərə baxmayaraq. Baxmayaraq ki, dünyada kifayət qədər güclü erməni lobbisi var. Dünyada bir çox aparıcı dövlətlər Ermənistanı dəstəkləyir və müharibə dövründə biz bunu açıq-aşkar görürdük, bəzi ölkələr bunu gizlədə bilmirdilər. Bu dəstək Ermənistana nə verdi? Heç nə. Bizim gücümüz, iradəmiz qarşısında bu dəstək sıfıra bərabər oldu. Hər kəs gördü ki, bizi heç kim və heç nə dayandıra bilməz. Mən deyəndə ki, biz axıra qədər gedəcəyik, sözümə əməl etdim. O vaxt dayandıq ki, Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf etdi, diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu. Hesab edirəm ki, bu, Ermənistan üçün tarixi dərs oldu. Onlar bir daha Azərbaycan xalqının böyüklüyünü gördülər”.
    PAYLAŞ:

    Oxşar xəbərlər