Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibi və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarı qəbul edib.
LEQAL.AZ-ın xəbərinə görə, Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohib Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev Əfqanıstan Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Görüşdə Əfqanıstan Prezidentinin münaqişənin ilk günlərindən Azərbaycana verdiyi siyasi dəstək və Əfqanıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi yüksək qiymətləndirildi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunularaq əlaqələrimizin inkişafında əldə olunan nailiyyətlər qeyd edildi, əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Azərbaycan və Əfqanıstan prezidentlərinin şəxsi münasibətlərinin əlaqələrimizin inkişafında rolu xüsusi vurğulandı.
Söhbət zamanı münaqişənin bitməsinin regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında əhəmiyyəti qeyd edildi və bunun çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdığı bildirildi.
Görüşdə iqtisadi, təhlükəsizlik, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.
Söhbət zamanı Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakı ilə bağlı məsələlər də müzakirə edildi.
Milli təhlükəsizlik müşaviri Hamdullah Mohib Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin məktubunu dövlətimizin başçısına təqdim etdi.