Ceyhun Bayramov erməni əsilli sakinlərə verilən ərzaqla bağlı BMT baş katibinin humanitar məsələlər üzrə müavinini məlumatlandırıb

Ceyhun Bayramov erməni əsilli sakinlərə verilən ərzaqla bağlı BMT baş katibinin humanitar məsələlər üzrə müavinini məlumatlandırıb
  • Siyasət / Maraqlı

  • 22 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirələri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım üzrə əlaqələndiricisi, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) rəhbəri Martin Griffits ilə görüşüb.

    Leqal.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

    Görüşdə BMT ilə mövcud əməkdaşlıq gündəliyinin inkişaf perspektivləri, o cümlədən humanitar yardım və inkişafa yardım sahələrində tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

    Azərbaycanın donor ölkə kimi rolu xüsusi təqdir olunub.

    Nazir Ceyhun Bayramov BMT sisteminə dəstəyin ölkəmizin humanitar və inkişafa yardım siyasətinin əsasını təşkil etdiyini, Azərbaycanın müxtəlif təşəbbüslər üzrə BMT təsisatları ilə sıx dialoq və fəal əməkdaşlıq apardığını vurğulayıb.

    Görüşdə, Ermənistanın 30 ilə yaxın müddətdə ərazilərimizin işğalından, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı qondarma rejimin davamlı təxribatlarından, habelə qanunsuz mövcudluğundan irəli gələn humanitar məsələlər müzakirə olunub.

    İlk növbədə, ölkəmizə qarşı səsləndirilən "blokada" və "bölgədə gərgin humanitar böhran" kimi iddiaların heç bir əsasının olmadığı, Ermənistanın qəsdən qondarma humanitar böhran yaratmaq məqsədi daşıdığı, bu addımın əslində siyasi manipulyasiya olduğu bildirilib.

    Lokal xarakterli antiterrorizm tədbirlərinə gəldikdə, görülən tədbirlərin hədəfinin müstəsna olaraq qanunsuz hərbi birləşmələrin və hərbi infrastrukturun olduğu, mülki əhali və obyektlərin vurulması ilə bağlı iddiaların əsassız və qəbuledilməz olduğu bildirilib.

    Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası ilə bağlı təşəbbüslər çərçivəsində 21 senytabr tarixində keçirilmiş Yevlax görüşünün konstruktiv və müsbət mühitdə keçdiyi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələrin aparıldığı, qarşı tərəfə reinteqrasiya üzrə planların təqdim edildiyi, həmçinin Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələrinin sosial və humanitar yardımın göstərilməsi ilə bağlı müraciətlərinin müsbət qarşılanaraq hal-hazırda erməni sakinlərə yardım göstərildiyi diqqətə çatdırılıb.

    Görüş zamanı, Azərbaycanın Qarabağ bölgəsində Beynəxalq Qızıl Xaç Komitəsinin fəaliyyət göstərdiyi və Axərbaycanın onun fəaliyyətinə dəstəyi vurğulanıb. Son günlərdə BQXK vasitəsilə də erməni sakinlərə yardımın daha da genişləndiyi bildirilib.

    ***

    Saat 02:16

    Xarici işlər naziri Ceyhun Bayramov BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits ilə görüşüb.

    Leqal.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X” səhifəsində paylaşım edib.

    Azərbaycanın baş diplomatı terrorizmə qarşı mübarizə tədbirləri, Ermənistan silahlı qüvvələrinin tərksilah tədbirləri və Azərbaycanda yaşayan erməni əsilli sakinlərə bütün zəruri ərzaq mallarının verilməsi istiqamətində son vaxtlar görülən işlər barədə BMT tərəfini məlumatlandırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər