24 yanvar tarixində Özbəkistana işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.
Xarici İşlər Nazirliyindən LEQAL.AZ-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub. Ölkələrimiz arasında əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.
Nazir Ceyhun Bayramov görüş zamanı, İqtisadi Əməkdaşlıq Təşkilatında ölkəmizin 2023-cü il sədrliyi çərçivəsində prioritetlər və planlar barədə Prezident Mirziyoyevə məlumat verib, Nazirlər Şurasının iclasının yüksək səviyyədə təşkilinə görə Özbəkistan dövlət başçısına minnətdarlığını bildirib.
Görüş zamanı, həmçinin gündəlikdə duran ikitərəfli məsələlər və regional vəziyyət müzakirə edilib.
Daha sonra xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov ilə görüşüb. Tərəflər arasında, ikitərəfli əlaqələrin aktual məsələləri müzakirə olunub.