Ceyhun Bayramov: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz

Ceyhun Bayramov: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz
  • Siyasət

  • İsrailin “Hayom” qəzetində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun müsahibəsini dərc edilib.

    Bu bərədə LEQAL.AZ-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər.

    Müsahibədə nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyi, Ermənistanın uzun illər davam edən işğalçı siyasəti və danışıqlar prosesində nümayiş etdirdiyi destruktiv mövqeyindən danışıb. Bildirib ki, artan cəzasızlıq hissi Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe tutmağa və “yeni ərazilər üçün yeni müharibə” şüarı ilə ərazi iddialarını irəli sürməyə təşviq edib. Bu, hazırda qarşılaşdığımız vəziyyətə gətirib çıxarıb. Azərbaycan danışıqlara başlamağa hazırdır, lakin bunun üçün Ermənistan öz silahlı qüvvələrini işğal altındakı torpaqlardan çıxarması barədə öhdəlik götürməlidir. Güzəşt məsələsinə gəldikdə, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz.

    Nazir Yaxın Şərqdə sülh prosesində inkişafın Azərbaycan tərəfindən diqqətlə izlənildiyini bildirib. Yaxın Şərqdə sülh və təhlükəsizliyin bərqərar olunmasına ölkəmizin həmişə dəstək göstərdiyini, “İbrahim razılaşmaları”nın bütün bölgənin inkişafına və rifahına töhfə verəcəyinə inandığını qeyd edən nazir, həmçinin ikitərəfli münasibətlərdən danışıb, ölkələrimiz arasında bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın geniş perspektivlərinin olduğunu vurğulayıb. Deyib ki, turizm daha geniş əməkdaşlıq üçün perspektivli sahədir. İsrail ilə Azərbaycan arasında birbaşa uçuşlar və qarşılıqlı viza prosedurunun asanlaşdırılması turizmin hər iki istiqamətdə inkişafını təşviq edir.

    Yəhudilərlə azərbaycanlılar arasında münasibətlərə toxunan xarici işlər naziri Ceyhun Bayramov deyib ki, bu əlaqələr həmişə çox yaxşı olub. Yəhudilər Azərbaycanda əsrlər boyu yaşayırlar. Bu müddət ərzində yəhudilər və azərbaycanlılar sülh və dostluq şəraitində birgə yaşayırdılar. Belə gözəl ənənənin davamlığı ilə fəxr edirik. Bu icmanın ölkəmizin inkişafına töhfəsini yüksək qiymətləndiririk. İcma, eyni zamanda, Azərbaycan ilə İsrail arasındakı münasibətlərin inkişafında da rol oynayır.
    PAYLAŞ:

    Oxşar xəbərlər