Rusiya Federasiyasının Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlı kontingentin fəaliyyəti haqqında növbəti informasiya bülleteni yayıb.
LEQAL.AZ modern-az-a istinadən xəbər verir ki, Rusiya tərəfi Azərbaycanın etiraz və xəbərdarlıqlarına bu dəfə də əhəmiyyət verməyib. Belə ki, informasiya bülletenində “Dağlıq Qarabağ” ifadəsi ilə yanaşı, erməni toponimlərindən də istifadə edilib.
Qeyd edilib ki, 30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyətə nəzarət edir və atəşkəs rejiminə əməl olunmasını diqqətdə saxlayır.
“Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir pozuntu və ya təxribat qeydə alınmayıb”,-deyə bildirilib.
Daha sonra informasiya bülletenində bunlar qeyd olunub:
“Rusiya sülhməramlılarının komandanlığı Stepanakert-Gorus yolu ilə avtomobil nəqliyyatının maneəsiz hərəkətinin bərpası ilə bağlı Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqlar prosesini davam etdirir.
Laçın dəhlizi, Martuni və Mardakert rayonlarında üç marşrut xətti üzrə patrul xidməti həyata keçirilib.
Zəvvarların Amaras və Qandzasar monastırlarına müşayiəti təmin edilib.
Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkam dəstələri tərəfindən 2504,1 hektar ərazi, 689,5 km yol, 1940 bina partlamamış mina və mərmilərdən təmizlənib, 26762 partlayıcı vasitə aşkar edilib və zərərsizləşdirilib.
Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”.
Göründüyü kimi, mətndə Xankəndi əvəzinə Stepanakert, Xocavənd əvəzinə Martuni, Ağdərə əvəzinə Mardakert, Gəncəsər əvəzinə Qandzasar adlarından istifadə edilib.
Xatırladaq ki, rəsmi Bakı dəfələrlə Rusiya tərəfinə etiraz edib ki, bu informasiyalarda Azərbaycan toponimlərindən istifadə olunsun.