Dekabrın 10-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.
Bu barədə LEQAL.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.
Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti təhlil edilib.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilən Azərbaycan-Türkiyə birgə təliminin nəticələri təhlil edilib. Bakı şəhəri, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edən "Qardaş yumruğu" təliminin xüsusi əhəmiyyətə malik olduğu və qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirildiyi bildirilib.
Müşavirənin yekununda çıxış edən general-polkovnik Z.Həsənov birgə təlimlərin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verdiyini qeyd edib.
Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətini, eləcə də 2022-ci ildə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq keçirilən əks-hücum əməliyyatlarını yüksək qiymətləndirdiyini bildirib.
Ali Baş Komandan tərəfindən 2023-cü il üzrə Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqları kollegiya iştirakçılarına çatdıran nazir şəxsi heyətin peşəkarlığı və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, o cümlədən təlimlərin və səhra məşğələlərinin intensivliyinin artırılmasının əhəmiyyətini vurğulayıb.