Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak etmək üçün bu ölkənin paytaxtı Londonda səfərdədir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən LEQAL.AZ-a bildirilib ki, səfər çərçivəsində parlamentin sədri Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzın adından təşkil olunan rəsmi qəbulda iştirak edib.
Sentyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Kraliça Ülyahəzrət II Elizabetin Vestminster Abbatlığında keçirilən vida mərasiminə qatılıb. Mərasimdə dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, parlament təmsilçiləri, görkəmli siyasi liderlər, ictimai xadimlər və Kral ailəsinin üzvləri iştirak ediblər.
Vida mərasimindən sonra Kraliçanın cənazəsi Vellinqton Tağına, daha sonra isə Vindzord şəhərinə aparılacaq və o, həyat yoldaşı Şahzadə Filipin yanında torpağa tapşırılacaq.