Bu gün Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən bildirilib ki, bununla əlaqədar təşkil olunan mərasimdə Xidmət rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək yeni hərbi hissənin fəaliyyətə başlaması münasibətilə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.
O qeyd edib ki, cari il ərzində 19 yeni hərbi hissə və 104 sərhəd-döyüş məntəqəsi fəaliyyətə başlayıb.
Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığında yaradılmış şəraitlə tanış olub. Burada şəxsi heyət üçün iş otaqları, zabit-gizir və əsgər yataqxanaları, yeməkxana, hamam-camaşırxana-qazanxana kompleksi, silah və təminat anbarları vardır.
Hərbi hissənin elektrik enerjisi ilə təmin edilməsi üçün elektrik generatorları quraşdırılıb, su xətti çəkilib. Ərazidə sıra meydanı yaradılıb, abadlıq işləri həyata keçirilib, ağaclar əkilib.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən hərbi qulluqçular təltif olunublar.