Ceyhun Bayramov: “Üçtərəfli bəyanat Prezident İlham Əliyevin parlaq diplomatik qələbəsidir”

Ceyhun Bayramov: “Üçtərəfli bəyanat Prezident İlham Əliyevin parlaq diplomatik qələbəsidir”
  • Siyasət

  • “10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, 27 sentyabr tarixində başlamış Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında böyük Zəfərlə yekunlaşdı. Üçtərəfli bəyanat tərəflər arasında hərbi əməliyyatlara son qoymaqla yanaşı, özündə bir sıra vacib müddəaları əks etdirən hərtərəfli sənəddir”.

    Leqal.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəsmi mətbuata müsahibəsində yer alıb.

    Nazir qeyd edib ki, üçtərəfli bəyanat Azərbaycanın döyüş meydanında əldə etdiyi şanlı qələbənin masa arxasında təsdiqi idi: “Bəyanatda münaqişənin həllinə nöqtə qoyularaq, hərbi əməliyyatların dayandırılması, bölgədə təhlükəsizliyin təmin edilməsi üçün Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi, buna paralel olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxması, məcburi köçkünlərin evlərinə geri qayıtması, hərbi əsir və girovların, habelə cəsədlərin mübadiləsi, habelə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı müddəalar əks olunmuşdur.

    Birgə bəyanatda Prezident İlham Əliyevin hərbi əməliyyatların başladığı ilk gündən etibarən söylədiyi, konkret vaxt çərçivəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxması ilə bağlı öhdəlik öz əksini tapdı. Bəyanata əsasən Ermənistan Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın bölgələrindən işğalçı qüvvələrini çıxarmağa məcbur olmuşdur. Azərbaycan insan itkilərinin qarşısını alaraq, əlavə qan tökmədən diplomatik qələbə ilə sözügedən ərazilərini geri almışdır.

    Bəyanatda Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi, kontingentin sayı, hərbi texnika və yerləşmə məntəqəsi dəqiqliklə göstərilmiş və bu yerləşmənin konkret zaman çərçivəsində həyata keçirildiyi ifadə olunmuşdur. Atəşkəsə nəzarətlə bağlı mərkəzin yaradılması müddəası əsasında 11 noyabr 2020-ci il tarixində müvafiq memorandum imzalanmış və 2021-ci ilin 30 yanvar tarixində işğaldan azad olunan Ağdam rayonunun ərazisində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olmuşdur. Bu isə Türkiyənin rəsmi qaydada atəşkəsə nəzarət prosesində iştirakını təmin etmişdir”.

    Üçtərəfli bəyanat Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olan və öz doğma evlərində yaşamaq hüququ kobud şəkildə pozulan bir milyona yaxın məcburi köçkünün fundamental hüquqlarının bərpasını təmin etmişdir. Bəyanatda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında məcburi köçkünlər və qaçqınların Qarabağa geri qayıtması məsələsi də öz əksini tapmışdır:

    “Bəyanatın digər önəmli müddəalarından biri məhz Prezident İlham Əliyevin təkidi ilə daxil edilən, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təsbit edən bənddir. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yolla birləşdirilməsi istiqamətində atılan bu tarixi addım eyni zamanda bölgənin gələcək iqtisadi inkişafı baxımından önəmlidir. Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfinin həyata keçirilməsinə əngəllər yaratmağa çalışdığı bu müddəa əslində iqtisadi baxımdan bölgə dövlətlərinin maraqlarına cavab verir.

    Bəyanatda diqqət çəkən ən önəmli məsələlərdən biri də odur ki, burada Qarabağın statusu ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Məlum olduğu kimi, uzun illər ərzində Azərbaycan tərəfi Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsinin mümkünlüyünü bəyan etmiş və aparılan danışıqlar prosesi çərçivəsində bu mövqe ifadə edilmişdir. Lakin Ermənistan tərəfi əsassız şəkildə “müstəqillik” iddialarından əl çəkməmişdir. Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edildikdən sonra dövlət başçısı status məsələsinin artıq tarixdə qaldığını elan etmişdir. Prezidentin 2021-ci il 7 iyul tarixli sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgələri yaradılmışdır. Bu bölgədə yaşayan ermənilər, əlbəttə, digər vətəndaşlarımız kimi, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş bütün hüquq və azadlıqlardan bərabər şəkildə istifadə edəcəklər. Odur ki, üçtərəfli bəyanatda bu məsələ ilə bağlı hər hansı bir müddəanın olmaması düşünülmüş siyasətin növbəti təzahürü idi.

    Hərbi əməliyyatlara son verən, bir çox mühüm məsələləri özündə ehtiva edən və bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün zəruri çərçivəni müəyyən edən tarixi əhəmiyyətli birgə bəyanat Prezident İlham Əliyevin parlaq diplomatik qələbəsidir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər