Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkari Volodimir Zelenski arasında görüş başa çatıb.
Liderlər Ukraynadakı müharibəni, o cümlədən taxıl ixracı məsələsini müzakirə ediblər.
Görüşdən sonra Ərdoğan və Zelenski Türkiyənin iştirakı ilə Ukraynada infrastrukturun bərpasına dair memorandum imzalayıblar.
Qeyd edək ki, V.Zelenski, həmçinin BMT Baş katibi Antonio Quterreşlə də görüşüb.
16:08
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pototski sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Buradakı təkbətək görüşdən sonra iki lider və BMT-nin baş katibi Antonio Quterreş görüşəcək.
Görüşdən sonra Ərdoğan, Zelenski və Quterreş birgə mətbuat konfransı keçirəcək.
Ərdoğanın ukraynalı həmkarı ilə görüşləri zamanı strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna əlaqələrinin bütün aspektləri qiymətləndiriləcək.
Sözügedən görüşdə Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yaradılmış mexanizmin fəaliyyətinin artırılması ilə Ukrayna-Rusiya müharibəsinin diplomatik yollarla dayandırılması üçün atılacaq addımlar müzakirə olunacaq.
Antonio Quterreş Lvovda Zelenski və Ərdoğanla üçtərəfli görüş keçirəndən sonra avqustun 19-da Odessaya gedəcək.
Quterreş Ərdoğanın dəvəti ilə Ukraynaya səfərindən sonra avqustun 20-də, şənbə günü Ukrayna taxılının daşınması üçün İstanbulda yaradılmış Birgə Koordinasiya Mərkəzinə baş çəkəcək.
Mənbə: TRT Haber
15:51
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar aparmaq üçün Ukraynanın Lvov şəhərindədir.
Polşanın Jeşuv Beynəlxalq Hava Limanında Ərdoğan Polşa vilayətinin qubernatoru Radoslav Viatra və Türkiyənin Varşavadakı səfiri Cengiz-Kamil Fıratla görüşüb, daha sonra quru yolu ilə Lvova gedib.
Ərdoğanı Ukrayna səfərində xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahid Kirişçi, ticarət naziri Mehmet Muş, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Fəxrəddin Altun, müdafiə sənayesi rəhbəri İsmayıl Dəmir və “Baykar”ın CEO-su Haluk Bayraktar müşayiət edir.
Mənbə: Habertürk