ABŞ Prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışı baş tutub.
"Leqal.az" xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında qeyd edilib.
Bayden bildirib ki, Rusiyanın Ukraynaya hücum edəcəyi halda ABŞ tərəfdaş və müttəfiq ölkələrlə birlikdə qəti addımlar atmağa hazırdır.
O, ABŞ-ın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təkrarlayıb.
ABŞ-ın ötən il Ukraynaya yarım milyard dollarlıq yardım etdiyinə diqqət çəkən Bayden Rusiyanın hərbi cəhətdən güclənməsi nəticəsində ABŞ-ın Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün makroiqtisadi dəstək yolları axtardığını bildirib.
Bayden vurğulayıb ki, səfirlik əməkdaşlarının ölkəni tərk etməsinə baxmayaraq, ABŞ-ın Kiyevdəki səfirliyi açıqdır və tam fəaliyyət göstərir.
Digər tərəfdən, Ukrayna prezidenti Zelenski Baydenlə görüşü ilə bağlı rəsmi “Twitter” hesabında açıqlama verib:
“Görüş uzun çəkdi. Gərginliyi azaltmaq üçün diplomatik təşəbbüsləri müzakirə etdik. Gələcəkdə birgə addımlar barədə razılığa gəldik. Mən Baydenə davamlı hərbi yardımına görə təşəkkür etdim. Bundan əlavə, Ukraynaya maliyyə dəstəyinin göstərilməsi imkanları müzakirə edildi”. /oxu.az/
LEQAL.AZ