“Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin özü Təhlükəsizlik Şurasının sədri vəzifəsinin hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib".
“Leqal” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu Nazarbayevin mətbuat katibi Aydos Ukibay deyib.
“KİV-də və sosial şəbəkələrdə birinci prezidentlə bağlı çoxlu sayda şayiələr, təxribat xarakterli yazılar yayılır. İndiki şəraitdə biz bu cür fəaliyyəti siyasi sabitliyi pozmaq və dövlətin konstitusiya əsaslarını sarsıtmaq cəhdi kimi qiymətləndiririk”, - deyə Ukibay bildirib.
Mətbuat katibinin sözlərinə görə, Nazarbayev Nur-Sultandadır və Tokayevə dəstək olur.
Onun sözlərinə görə, Nazarbayev və Tokayev hər zaman “barrikadaların bir tərəfində” olub, “öz xalqını, ölkəsini və millətin gələcəyini” müdafiə ediblər: “Və onlar hamımız üçün bu ağır günlərdə dövlət hakimiyyətinin monolitliyini bir daha nümayiş etdiriblər", - Ukibay bildirib.