Baş Prokurorluq: 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edilib

Baş Prokurorluq: 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edilib
  • Hadisə

  • Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədovun qanunsuz olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün vətəndaşdan 2500 manat məbləğində pul vəsaitini rüşvət qismində alması faktı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Baş Prokurorluğun mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, cinayət işi üzrə aparılmış intensiv istintaq-əməliyyat tədbirləri ilə Oruc Məmmədovun digər qanunsuz hərəkətlərə yol verməsi faktları da müəyyən olunub.

    Belə ki, Oruc Məmmədovun koronavirus infeksiyasına (COVID-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan şəxsin Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalına yerləşdirilməsinə öz həqiqi təsir imkanlarından istifadə edərək

    kömək göstərilməsi müqabilində vətəndaşdan 4 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübhələr yaranıb.

    Qeyd olunanlarla bağlı Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda həmin cinayət işi üzrə cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər