Suraxanı rayonu, 4-cü Mədən ərazisi adlanan yerdən dövlət mülkiyyətində olan dəmir boruları kəsib oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, həmin hadisəni törətməkdə şübhəli bilinən Səid Əlizadə, Rüstəm Mirzəyev və onun qohumu Sərxan Mirzəyev Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat–axtarış tədbiri nəticəsində tutulublar.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər uzunluğu 50 metrə yaxın olan dəmir boru xəttini kəsərək R.Mirzəyevin idarə etdiyi avtomobillə həmin ərazidən aparıblar. Həmin şəxslər saxlanılan zaman oğurlanan borular aşkarlanaraq götürülüb.
Faktla bağlı 31-ci polis bölməsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir. Dəstənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.