Aprelin 22-nə keçən gecə Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Hacıyev Ramin Zaur oğlunun əmisi oğlu tərəfindən iplə boğularaq qətlə yetirilməsinin təfərrüatı üzə çıxıb.
Hüquq-mühafizə orqanlarının əldə etdiyi məlumata görə, hadisənin qısqanclıq zəminində baş verməsi müəyyən edilib. İlkin araşdırmalar zamanı məlum olub ki, qəsəbə sakini, 1994-cü il təvəllüdlü Tural Hacıyev gecə saat 03 radələrində yaşadığı evin həyətində Quşçu kəndində yaşayan əmisi oğlunu görüb. O, qısqanclıq zəminində əmisi oğluna hücum edərək onu boğmağa başlayıb və hadisə yerində öldürüb.
O da məlum olub ki, 5 il əvvəl Ramin Hacıyevin atası Zaur Hacıyev də Şamaxıda qətlə yetirilib. Belə ki, 2018-ci ilin 18 yanvar tarixində “Acıdərə” adlanan ərazidəki fermada çobanlıq edən Zaur Hacıyev qonşu fermada yaşayan Natiq Bünyadov tərəfindən odlu silahla öldürülüb. Həmin hadisənin də qısqanclıq zəminində törədilməsi məlum olub.
Araşdırmalar davam etdirilir.
Nizam Rza