"İmişli Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin vəzifəli şəxsləri barədə cinayət işi başlanıb.
İmişli rayon prokurorluğundan "Leqal.az"a verilən məlumata görə, xəstəxananın qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırma zamanı xəstəxananın 01.01.2018-ci il tarixdən 25.05.2021-ci il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən publik hüquqi şəxsin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri və digər qanunsuz əməlləri nəticəsində külli miqdarda dövlət əmlakının mənimsənilməsinə və israf olunmasına, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərə vurulmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində istintaq tədbirləri edir.