Avqustun 2-də Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini 1990-cı il təvəllüdlü Tural İsmayılovun evində keçirilmiş axtarış zamanı səkkiz ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə Məlumatına görə, Tural İsmayılov şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Siyəzən RPŞ-nin Müvəqqəti Saxlama Yerinə təhvil verilib. Həmin gün saat 22:00 radələrində onun səhhəti saxlanıldığı MSY-də qəfildən pisləşdiyindən polis əməkdaşları tərəfindən o, dərhal Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə yerləşdirilmiş, lakin həkimlərin səyinə baxmayaraq Tural İsmayılov orada ölüb.
Hazırda faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır. Tural İsmayılovla eyni və qonşu kameralarda saxlanılan şəxslərin və növbədə olan polis əməkdaşlarının izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.
Qeyd edilməlidir ki, ekspert tərəfindən keçirilmiş ilkin xarici müayinə zamanı meyit üzərində hər-hansı xəsarət aşkar edilməyib.
Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcək.
10:24
Siyəzən rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan şəxsin polis şöbəsində halı pisləşib və yerləşdirildiyi xəstəxanada vəfat edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, avqustun 2-də Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini, 1990-cı il təvəllüdlü Tural İsmayılovdan metamfetamin aşkar olunaraq götürülüb:
“Həmin şəxs Siyəzən Rayon Polis Şöbəsinə gətirilib. Dünən axşam saat 22:00 radələrində şöbədə onun halı pisləşib. Dərhal Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə aparılıb, orada vəfat edib”.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, T.İsmayılovun narkotik vasitələrin aludəçisi olduğu bildirilir./oxu.az