Masallının Öncəqala kəndində “Qarabağ şəhidləri” abidə-kompleksinin açılışı

Masallının Öncəqala kəndində “Qarabağ şəhidləri” abidə-kompleksinin açılışı
  • Cəmiyyət

  • Masallı rayonunun Öncəqala kəndində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilən “Qarabağ şəhidləri” abidə-kompleksinin açılışı olub.

    Pandemiya qaydalarına riayət olunmaqla keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Anar İsgəndərov, Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin doğmaları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

    Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxışında bildirib ki, bu gün heç bir sözlə ifadə oluna bilinməyən anlar yaşayırıq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Şanlı Ordumuz işğalçılar üzərində Böyük Qələbə çaldı: “Bu gün müqəddəs ruhları qarşısında baş əydiyimiz şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Az yaşadılar, amma yeni tarix yazdılar, qürurumuzu qaytardılar. Onların adı daim uca tutulacaq. Bu, hər birimizin vətəndaşlıq borcudur.”
    Milli Məclisin deputatları - Anar İsgəndərov, Məşhur Məmmədov çıxışlarında bildiriblər ki, 29 ildən bəri bu günləri ağrılı tariximiz kimi qeyd edirdiksə, bu gün bayram əhval-ruhiyyəliyik. Qürurverici anlar yaşayırıq. Bizə zəfər bəxş edən igidlərimiz təkcə bir elin deyil, bütün Azərbaycanın qəhrəmanlarıdır. Birinci Qarabağ müharibəsi şəhidlərinin də ruhu şaddır. 44 günlük Vətən müharibəsində, istər ön, istərsə də arxa cəbhədə Möhtəşəm Qələbəyə öz töhfəsini verən masallılar bu gün işğaldan azad edilən torpaqların dirçəlməsində, Qarabağda aparılan abadlıq-quruculuq işlərində də fəaldırlar... 

    Şəhid atası Mürüvvət Məmmədov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq bildirib.

    Çıxışçılar şəhidlər bulağının tikintisinə görə Öncəqala kəndinin sakinlərinə və xeyriyyəçilərə dərin təşəkkür ifadə ediblər.

    Sonra Şəhidlər abidəsinin və bulağın açılışı olub.

    Tədbir iştirakçıları abidənin önünə gül dəstələri düzərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
    Məlumat üçün bildirək ki, Vətən müharibəsində şəhid olmuş Nurlan Malikovun adını daşıyan küçədə inşa edilən abidə-kompleksinin ərazisində “Şəhidlər bulağı” və park salınıb. Abidənin arxa hissəsində isə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Abidə-komleks kənd xeyriyyəçilərinin maliyyə dəstəyi ilə inşa edilib.

     
    Akif AĞAYEV,
    MASALLI.

    PAYLAŞ:

    Oxşar xəbərlər