Baş Prokurorluqda Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin üzvləri ilə görüş keçirilib

Baş Prokurorluqda Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin üzvləri ilə görüş keçirilib
  • Cəmiyyət

  • Aprelin 28-də Baş prokurorun birinci müavini Elçin Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini xanım Beata Skvarska-Zonhenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Baş Prokurorluğun mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, görüşdə Elçin Məmmədov BQXK ilə ölkəmiz arasında uğurla inkişaf edən qarşılıqlı əlaqələr barədə söhbət açıb. Ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü, eləcə də vətəndaşlarımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər barədə məlumat verilib.

    Otuz ilə yaxın dövrdə Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edildiyi, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa edildiyi vurğulanıb.

    BQXK-nın nümayəndələrinə 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilmiş mülki şəxslərin cəsədlərinin basdırıldığı yerlərin müəyyən edilməsi faktları üzrə Baş Prokurorluq tərəfindən başlanmış cinayət işi barədə məlumat verilib.

    Ətraflı məlumata görə təşəkkürünü bildirən xanım Beata Skvarska-Zonhen ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanla əlaqələrin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.

    Qonaq münaqişədən əziyyət çəkmiş Azərbaycan vətəndaşlarına humanitar yardımın göstərilməsi, cəbhəboyu ərazilərdə yaşayan mülki şəxslərin təhlükəsizliyi, fiziki və psixoloji sağlamlıqları, itkin düşmüş şəxslərin taleləri ilə əlaqədar BQXK-nın Azərbaycandakı fəaliyyəti, həyata keçirdiyi layihələr, görülən mühüm işlər, o cümlədən keçirdikləri təlimlər barədə məlumat verib. O, ikitərəfli əlaqələrin inkişafı naminə, habelə Azərbaycan Respublikasının hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları ilə əməkdaşlıq istiqamətində münasibətlərin daha da inkişaf edəcəyinə ümidvar olduqlarını bildirib. Beata Skvarska-Zonhen hərbi münaqişə nəticəsində itkin düşmüş şəxslərin tapılmasının ümumi məqsəd olduğunu vurğulayaraq, bu istiqamətdə Komitə tərəfindən intensiv işlərin görüldüyünü qeyd edib.

    Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər