Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı yeni məlumat yayıb

Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı yeni məlumat yayıb
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Əliyev Elçin Fəday oğlunun 2001-ci il iyunun 1-də Ukraynanın paytaxtı Kiyevdə soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı bu ölkənin prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib. Cinayətin törədilməsində Azərbaycan Respublikasının vətəndaşının şübhəli olması əsası ilə cinayət işi 2003-cü ildə Azərbaycan Respublikasına göndərilib.

    Baş Prokurorluğun mətbuat xidmətindən LEQAL.AZ-a bildirilib ki, həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib. Lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyənləşdirilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.

    2020-ci ildə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanıb, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

    Belə ki, Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Əkbərov Rövşən Telman oğlunun 2001-ci il mayın 31-dən 2001-ci il iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra təxminən saat 2-3 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək, sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən olunub.

    Cari il martın 15-də Rövşən Əkbərov Cinayət Məcəlləsinin 12.1, 120.2.2-ci (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Baş Prokurorluq bu qəbildən olan məlumatların həssaslığını nəzərə alaraq, kütləvi informasiya vasitələrində dəqiqləşdirilməmiş informasiyalara istinad olunmamasını xahiş edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər