Şəhid bacısı: Mənim üçün nə qədər çətin olsa da, bir o qədər qürurlu və şərəflidir - FOTO

Şəhid bacısı: Mənim üçün nə qədər çətin olsa da, bir o qədər qürurlu və şərəflidir - FOTO
  • Cəmiyyət

  • Qırx dörd günlük zəfər dolu İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də Göyçay rayon Şahsoltanlı kənd sakini Ülvi Ağayevdir.

    LEQAL.AZ-ın məlumatına görə, Ülvi Ağayev müharibənin ilk günlərində döyüşçü kimi ön xəttə gedə bilməsə də, əsgərlərimizə mənəvi dəstək üçün dostları ilə bərabər onların yanına yollanmışdı. Sentyabrın 30-da isə könüllü olaraq ordu sıralarına yazılıb, döyüş əməliyyatlarında iştirak edib.

    Şəhid Ülvi Ağayevin bibisi oğlu Elnur Talıbov deyir ki, general-mayor Polad Həşimov şəhid olduqdan sonra Ülvi adını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində könüllü kimi yazdırmışdı: “Amma İkinci Qarabağ müharibəsi başladıqdan sonra dəfələrlə hərbi komissarlığa müraciət etsə də, onu aparmadılar. Ülvidən fərqli olaraq onun həmkəndlilərinə çağırış gəlmişdi. Həmkəndlilərini yola salmağa gedərkən o da avtobusa minərək hərbi hissəyə yollanmışdı. Bizdən təkidlə xahiş etdi ki, hərbi hissəyə çatana qədər atasının və yaxın qohumlarının xəbəri olmasın. O, hərbi hissəyə çatdıqdan sonra dayıma Ülvinin müharibəyə getdiyini dedik”.

    Ülvi bacısı Fidana hərbi hissəyə çatanda zəng vuraraq, cəbhəyə yollandığını söyləyib. Fidan ona “bəs niyə demədin, axı, biz tək idik, səndən başqa heç kimimiz yox idi” deyəndə, Ülvinin cavabı belə olur: “Səni qorumağa gedirəm, Vətəni qorumağa gedirəm. Özündən muğayat ol, hər şey yaxşı olacaq”.

    İyirmi gün şərəfli döyüş yolu keçən Ülvi oktyabrın 19-dan 20-nə keçən gecə şəhidlik zirvəsinə ucalır. “Düzdür, mənim üçün ağırdır, çox çətindir, amma o qədər də qürurlu və şərəflidir. Çünki qardaşım şəhidlik zirvəsinə ucalıb”, - deyə Fidan vurğulayır.

    Şəhidin bibisi Firuzə Səfərova isə deyir ki, Ülvi bir neçə il əvvəl anasını və qardaşını itirmişdi: “Ülvi bizimlə fəxr edirdi, indi də biz onun zirvələrə qalxmağı ilə fəxr edirik. Halbuki özü həyatda yoxdur, amma adı göylərdə və zirvələrdədir. Vətənimiz sağ olsun, xalqımız sağ olsun. Allah atasına səbir versin. Düzdür, atası tək qaldı, amma özü zirvələrə yüksəldi”.

    Bu gün həm də şəhidimizin cənnətdə olan ilk doğum günüdür. Elə bu məqsədlə Ülvinin döyüş yoldaşları, ailə üzvləri, kənd sakinləri və ağsaqqallarla birlikdə şəhidin məzarı ziyarət edilib.

    Sonra şəhidin doğulduğu kənddə onun adına yeni bulağın açılışı olub.

    Xatırladaq ki, Ülvi Ağayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

    AZƏRTAC
    PAYLAŞ:

    Oxşar xəbərlər