2021-ci il üçün “Dünya Dənizçilik Mövzusu” dənizçilərə həsr olunub

2021-ci il üçün “Dünya Dənizçilik Mövzusu” dənizçilərə həsr olunub
  • Cəmiyyət

  • ​​​​2021-ci il üçün “Dünya Dənizçilik Mövzusu” gəmiçiliyin gələcək inkişafında əsas rolu vurğulanmaqla dənizçilərə həsr olunub. Dənizçilərin beynəlxalq səviyyədə əsas işçi rolunu oynamasına baxmayaraq, dünyada hökm sürən koronavirus (COVID-19) pandemiyası səbəbindən çətinliklərlə üzləşdiklərinə görə Beynəlxalq Dəniz Təşkilatı dənizçilər üçün 2021-ci ilə dair bir illik fəaliyyət planını hazırlayıb.

    Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, 2021-ci il üçün nəzərdə tutulmuş Dünya Dənizçilik Mövzusu “Dənizçilər: gəmiçiliyin gələcəyinin əsası” şüarı ilə bu sahədə dənizçilərin hazırda və gələcəkdəki əvəzsiz roluna diqqət çəkir.

    Dünyada hökm sürən koronavirus (COVID-19) pandemiyası nəticəsində dənizçilər müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, aylarla gəmilərdə qapalı şəraitdə qalmış çoxlu sayda dənizçilər müəyyən məhdudiyyətlər ilə əlaqədar olaraq ölkələrinə geri qayıda bilmirlər. Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Kitak Lim bildirib ki, təxminən bir ildir davam edən bu heyət dəyişikliyi böhranı artıq gəmiçiliyin təhlükəsizliyini təhdid edir və sözügedən böhrana son qoymaq üçün daha çox dövlət bu istiqamətdə səylərini artırmalıdır.

    Baş katib Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən dekabr ayında qəbul edilən beynəlxalq əməkdaşlığa dair qətnaməyə istinad edərək əlavə edib ki, dənizçilərin üzləşdikləri problemləri həll etmək üçün ilkin olaraq bütün ölkələr dənizçilik peşəsini “xüsusi diqqətə ehtiyac olan” peşə kimi təyin etməlidirlər. Bu günə qədər Beynəlxalq Dəniz Təşkilatının bu tövsiyəsinə Azərbaycan Respublikası da daxil olmaqla, 55 üzv dövlət riayət edib.

    “Dünya Dənizçilik Mövzusu” il boyu dənizdə insan həyatının mühafizəsi, dənizçilərin rifahı və lazımi səviyyədə təlim keçmələri üçün bir sıra digər məsələləri də diqqət mərkəzində saxlayır. Eyni zamanda, dəniz nəqliyyatında rəqəmsallaşdırma və avtomatlaşdırma istiqamətləri üzrə ixtisaslı işçi qüvvəsinin hazırlanmasının vacibliyi sözügedən fəaliyyət planında xüsusi vurğulanır.
    PAYLAŞ:

    Oxşar xəbərlər