"Əkinçi"dən Rəqəmsal Mediaya: Milli Mətbuatın İnkişaf Salnaməsi

"Əkinçi"dən Rəqəmsal Mediaya: Milli Mətbuatın İnkişaf Salnaməsi
  • Cəmiyyət

  • Bu gün Azərbaycan milli mətbuatının tarixində xüsusi əhəmiyyət daşıyan bir hadisəni – "Əkinçi" qəzetinin nəşrinin 151 illiyini qeyd edirik. 151 il əvvəl Həsən bəy Zərdabinin böyük fədakarlığı və uzaqgörənliyi ilə işıq üzü görən "Əkinçi" yalnız ilk Azərbaycan dilli qəzet deyil, həm də xalqımızın maariflənməsi, milli özünüdərkin güclənməsi və müasir düşüncənin formalaşması yolunda yandırılmış ilk işıq idi. "Əkinçi"nin səpdiyi maarifçilik toxumları zaman keçdikcə Azərbaycan mətbuatının qüdrətli bir çinar kimi inkişaf etməsinə zəmin yaratdı. Bu gün biz həmin zəngin irsə ehtiramla yanaşır, milli mətbuatımızın keçdiyi şərəfli yolu qürur hissi ilə xatırlayırıq.

    Hər bir xalqın milli yaddaşının, mənəvi dəyərlərinin və ictimai fikrinin formalaşmasında mətbuatın rolu danılmazdır. Azərbaycan milli mətbuatı da zəngin tarixi, şərəfli ənənələri və cəmiyyət qarşısındakı məsuliyyəti ilə xalqımızın inkişaf salnaməsinin ayrılmaz hissəsinə çevrilmişdir. Hər il 22 iyul tarixinin Milli Mətbuat Günü kimi qeyd olunması bu şərəfli yolun başlanğıcına – böyük maarifçi Həsən bəy Zərdabinin 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi" qəzetinə ehtiramın ifadəsidir.

    "Əkinçi" qəzeti təkcə ilk Azərbaycan dilli mətbuat orqanı deyildi. O, xalqın maariflənməsinə, milli özünüdərkin möhkəmlənməsinə, elmə, təhsilə və tərəqqiyə çağırış edən bir məktəb idi. Həsən bəy Zərdabi sübut etdi ki, mətbuat cəmiyyətin inkişafına xidmət edən ən güclü vasitələrdən biridir. Onun əsasını qoyduğu ənənələr sonrakı dövrlərdə Azərbaycan jurnalistikasının inkişaf istiqamətini müəyyənləşdirdi.

    Azərbaycan mətbuatı tarix boyu çətin sınaqlardan keçsə də, milli maraqlara sadiqliyini qoruyub saxlamışdır.

    Müstəqilliyin bərpasından sonra isə ölkəmizdə demokratik media mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra söz və mətbuat azadlığının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. 1998-ci ildə Azərbaycanda senzuranın ləğvi milli mətbuat tarixində yeni mərhələnin başlanğıcı oldu və azad medianın inkişafı üçün geniş imkanlar yaratdı.

    Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə media sahəsində ardıcıl islahatlar həyata keçirilir, jurnalistikanın müasir çağırışlara uyğun inkişafı üçün mühüm hüquqi və institusional mexanizmlər yaradılır. Medianın inkişafının dəstəklənməsi, jurnalistlərin peşəkarlığının artırılması, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi və rəqəmsal transformasiyanın sürətləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

    2021-ci ildə "Media haqqında" Qanunun qəbul edilməsi, Medianın İnkişafı Agentliyinin fəaliyyətinin gücləndirilməsi, media subyektlərinin inkişafına göstərilən dövlət dəstəyi və jurnalistlərin peşə fəaliyyətinin stimullaşdırılması bu sahədə həyata keçirilən islahatların mühüm tərkib hissəsidir. Prezident İlham Əliyev müxtəlif çıxışlarında dəfələrlə vurğulayıb ki, güclü dövlət üçün güclü və məsuliyyətli media mühüm əhəmiyyət daşıyır. Dövlət tərəfindən media nümayəndələrinin fəaliyyətinin dəstəklənməsi, onların sosial rifahının yaxşılaşdırılması və peşəkar inkişafına göstərilən diqqət bunun bariz nümunəsidir.

    44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası informasiya cəbhəsində əsl peşəkarlıq nümayiş etdirdi. Jurnalistlər cəbhədən operativ məlumatlar çatdırmaqla yanaşı, Ermənistanın dezinformasiya kampaniyasına qarşı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadılar. Məhz həmin dövrdə peşəkar və məsuliyyətli medianın dövlət və cəmiyyət üçün nə qədər vacib olduğu bir daha öz təsdiqini tapdı.

    Bu gün süni intellektin, rəqəmsal platformaların və sosial medianın sürətlə inkişaf etdiyi bir dövrdə peşəkar jurnalistikanın məsuliyyəti daha da artır. Operativliklə yanaşı, dəqiqlik, obyektivlik və milli maraqların qorunması medianın əsas prinsipləri olaraq qalır. Azərbaycan mətbuatı yeni texnologiyaların imkanlarından istifadə etməklə yanaşı, öz milli ənənələrini və peşə etikasını da qoruyaraq inkişaf yolunu davam etdirir.

    22 İyul – Milli Mətbuat Günü təkcə jurnalistlərin peşə bayramı deyil, həm də cəmiyyətin doğru, qərəzsiz və operativ informasiya almaq hüququnun təntənəsidir. Bu gün münasibətilə ölkəmizin bütün media nümayəndələrini, veteran jurnalistləri və bu sahədə çalışan hər kəsi səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları və məsuliyyətli fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.

    Əminik ki, Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat ənənələri bundan sonra da yaşayacaq, Azərbaycan mediası dövlətçiliyimizin möhkəmlənməsinə, cəmiyyətimizin maariflənməsinə və ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına layiqli töhfələr verməyə davam edəcəkdir.

    Müəllifi: İsrafil Şükürov
    PAYLAŞ:

    Oxşar xəbərlər