Prezident İlham Əliyevin iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışı ölkəmizin indiyədək keçdiyi yolu, mövcud şəraiti və perspektivləri görmək baxımından böyük əhəmiyyət daşıyır. Hər şeydən əvvəl, dövlətimizin başçısı bildirdi ki, Azərbaycan iqtisadi sahədə böyük yol keçib və iqtisadi təhlükəsizliyini təmin edən dövlətdir.
Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Baxmayaraq ki, Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir, hökm sürür.
İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Son illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və biz bunun bəhrəsini indi görürük. Bizim ənənəvi sənaye məntəqələrimizdə, - Bakı şəhəri, Sumqayıt şəhəri, sənaye parkları, - yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir", - deyə dövlət başçısı bildirib. Beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada aparılan siyasət Azərbaycana imkan verir ki, daxili problemləri daha böyük uğurla həll etsin. Eyni zamanda bildirdi ki, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipinin Ermənistan tərəfindən qəbul edildiyini də xatırlatdı.
Prezident çıxışında onu bildirdi ki, müharibəyə son qoyulan zaman Ermənistan kapitulyasiya aktına məcburən imza atanda Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Status haqqında danışmağın Ermənistan üçün çox təhlükəli məsələ olduğunu da Prezident vurğuladı. Ölkə başçısının bu müşavirədəki çıxışında da hər sözü Ermənistana, onun havadarlarına bir bi mesajdır
Ölkə rəhbəri çıxışında iştirakçıların diqqətini, bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şeyin göz qabağında olduğuna yönəldərək: “Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız var, məlumatlarımız var. 44 gün ərzində çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir. Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik” deyə qürurla qeyd etmişdir.
44 günlük İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. Bununla bağlı dövlət başçısının çıxışında: “Cəmi bir neçə saat davam edən antiterrorəməliyyatı Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşmüşdür və bir neçə saatdan sonra kapitulyasiya şərtlərini artıq biz onlarla müzakirə etməyə başlamışdıq” deyə bildirilmişdir.
Ötən dövr ərzində dövlətimizin apardığı məqsədyönlü siyasət sayəsində hər il 15-20 min keçmiş köçkün yeni qəsəbələrə, evlərə, mənzillərə köçürülürdü. Bununla əlaqədar ölkə rəhbərinin çıxışında hazırda təqribən 300 mindən çox keçmiş köçkün artıq o yataqxanalardan, o yararsız yerlərdən, uşaq bağçalarından köçürülmüşdü deyə qeyd olunmuşdur.
Ceyhun Hüseynov,
Masallı RMX İƏ üzrə mütəxəssis