Prezident İlham Əliyev Azərbaycan üçün keyfiyyət və mahiyyətcə yeni dövrün anonsunu verdi. Artıq üçüncü ildir ki, Azərbaycan Prezidenti ilin ilk iş həftəsində yerli televiziya kanallarına müsahibə verir və hər bir çıxış özlüyündə cari il üçün siyasi proseslər, habelə inkişaf məcrası üçün yol xəritəsi rolu oynayır, vətəndaş təfəkküründə ümumi baxış konsepsiyasının cizgilərini müəyyən edir və ya dəqiqləşdirir: “Prezident İlham Əliyevin ötən gün yerli televiziya kanallarına müsahibəsi isə əvvəlki dövrlərdən fərqli olaraq ölkənin ərazi bütövlüyü, suveren haqları, bütün ərazilərində konstitusiya quruluşunun tam bərqərar olunması şəraitində reallaşdığı üçün xüsusi önəm kəsb edirdi. Konseptual yanaşsaq, əslində Prezident İlham Əliyev Azərbaycan üçün keyfiyyət və mahiyyətcə yeni dövrün anonsunu verdi. Azərbaycan üçün yeni dövr altı ali konstitusion niyyətdən biri olaraq ana qanunumuzun preambulasında müəyyənləşən Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorumasının təmin edilməsi formasında xarakterizə olunur. Aydındır ki, 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərində qazanılan müstəsna qələbə, cənab İlham Əliyevin təbiri ilə desək, epoxal bir hadisədir. Konstitusion niyyətlərimizi bərpa, beynəlxalq hüquq və ədaləti bərqərar etməklə Azərbaycan müstəqillik tarixinin çətin, lakin şərəfli perioduna qədəm qoyub”.Prioritetlər, hədəflər daha genişlənib və bir sıra hallarda xarakterini dəyişib: “Yeni şərait yeni zərurətləri diqtə edir. Dövrə metodoloji olaraq son qoyulması üçün isə keçid üsulu reallıqların qiymətləndirilməsini xalqın iradə ifadəsinə təqdim etməkdir. Dövlət başçısının da ifadə etdiyi kimi, məhz “seçkilər bir dövrə yekun vurur". Niyə məhz prezident seçkilərinə gəlincə, konstitusion olaraq Azərbaycan Respublikası Prezident üsuli-idarəsi olan ölkədir.
Ana qanunumuzla müəyyən olunub ki, Azərbaycan Prezidenti ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir, xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Habelə dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısı, məhkəmə hakimiyyətinin isə müstəqilliyinin təminatçısıdır. Yəni Azərbaycanda prezidentlik institutu hakimiyyətin icra qolunu həyata keçirməklə kifayətlənmir və bütövlükdə dövlətin başçısı kimi ölkə həyatında aparıcı rola malikdir. Bu mənada, dövlət başçısının müsahibəsində də qeyd etdiyi kimi, Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilərdir. Əgər biz müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ərazilərimizi əhatələyən seçkilər keçirməliyiksə, bu məhz hüquqi əhəmiyyətinə görə prezident seçkiləri olmalı idi. Digər tərəfdən, hüquqi amillərlə yanaşı, Xankəndi, Şuşa, Laçın, Xocalı kimi prinsipial coğrafi önəmə malik ərazilərdə ilk olaraq məhz prezident seçkilərinin keçirilməsi mənəvi cəhətdən də daha doğru olanıdır. Məlumdur ki, 2003-cü ildə cənab İlham Əliyev ilk dəfə Prezident seçilərkən konkret tezislər üzrə vədlər vermişdi və ötən dövr təhlil olunanda faktiki olaraq 20 illik periodda qarşıya qoyulan missiyanın ləyaqətlə tamamlandığını, məhz bu uğurlara əsaslanan, nəticələrin davamlılığını diqtə edən yeni şərtlərin meydana çıxdığını görə bilərik.
Prezidentin dediyi kimi, “Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır və həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər". Bu mənada, prezident seçkiləri 20 illik titanik fəaliyyətin uğurla yeni mərhələyə transformasiyası, habelə qarşıdakı yeni hədəflərə uyğun tempdə inkişafın təmini üçün tarixi zərurətdir”.
Emil İlqarov,
Masallı rayonu, Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbi.