AMEA Rəyasət Heyətinin iclası keçirilib

AMEA Rəyasət Heyətinin iclası keçirilib
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

    İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

    İclasda müzakirə olunan birinci məsələ Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı və qarşıda duran vəzifələr haqqında olub.

    Sözügedən Sərəncamı diqqətə çatdıran akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı kimi qlobal problemlərin həllində daim aktiv rol oynayır və o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə də öz töhfəsini verir.

    AMEA rəhbəri Sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi və həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi kimi məsələlərin qeyd olunduğunu bildirib.

    İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunduğunu xatırladan akademik İsa Həbibbəyli bu gün alimlərimizin həmin bölgələrdə müxtəlif tədqiqatlar apardıqlarını, dövlətimizin quruculuq işlərinə öz töhfələrini verdiklərini diqqətə çatdırıb. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı yekdil qərarın verilməsinin Azərbaycanın beynəlxalq arenada malik olduğu hörmət və nüfuzunun göstəricisi olduğunu söyləyib.

    İclasda AMEA-nın elmi bölmələrinə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.

    Tədbirdə müzakirə olunan növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında olub.

    Akademik İsa Həbibbəyli bildirib ki, sözügedən Sərəncamda AMEA-ya müvafiq dövlət qurumları ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. AMEA prezidenti qeyd edib ki, Naxçıvan tarixən Azərbaycanın mühüm elm və təhsil mərkəzlərindən biri olub, Azərbaycana çox sayda görkəmli ziyalı, elm və mədəniyyət xadimləri bəxş edib. Diqqətə çatdırıb ki, tarixi ənənələrə uyğun olaraq müasir günümüzdə də Naxçıvanda elm və təhsil özünün yüksək inkişaf mərhələsini yaşamaqdadır.

    “Bütün digər sosial-iqtisadi sahələrdə olduğu kimi, Naxçıvanda elmin inkişafında da Ümummilli Lider Heydər Əliyevin mühüm xidmətləri olmuşdur.  Bu baxımdan Heydər Əliyev tərəfindən 7 avqust 2002-ci il tarixli Sərəncamla AMEA-nın Naxçıvan Bölməsinin yaradılması xüsusi əhəmiyyətə malikdir. Ümummilli Lider Heydər Əliyev tərəfindən AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasının bir tərəfdən böyük elmi-mədəni, digər tərəfdən isə strateji-siyasi əhəmiyyəti vardır. Bölmə Naxçıvanın qədim tarixinin, zəngin mədəni mühitinin, görkəmli klassiklərimizin, dərin köklərə malik folklorumuzun, arxeologiya və etnoqrafiyanın öyrənilməsi, Naxçıvanda mövcud olan təbii sərvətlərin tədqiq olunaraq müxtəlif istehsal sahələrində tətbiqi, informasiya-telekommunikasiya texnologiyalarının bölgədə tətbiqinin diqqət mərkəzində saxlanılması, regionun özünəməxsus fauna və florasının öyrənilməsi, xüsusilə də dərman bitkiləri tədqiqi və s. istiqamətlərdə uğurla fəaliyyət göstərmişdir”, - deyə akademik İsa Həbibbəyli söyləyib.

    İclasda Rəyasət Heyəti tərəfindən Naxçıvanın tarixinin, mədəniyyətinin, sosial-iqtisadi və mədəni-mənəvi inkişafının tədqiqi və təbliği məsələlərinə dair, eləcə də Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu siyasəti və Naxçıvanın sosial-iqtisadi, mədəni-mənəvi inkişafı, müstəqilliyin ilk illərində Naxçıvanın erməni təcavüzündən qorunmasında və blokadadan çıxarılmasında  Heydər  Əliyevin tarixi xidmətləri, Heydər Əliyevin Naxçıvanda elmin inkişafı strategiyası, Prezident İlham Əliyevin dövlət siyasətində Naxçıvanın iqtisadi, elmi-mədəni, infrastruktur və hərbi potensialının gücləndirilməsi və inkişaf etdirilməsi strategiyasına uyğun geniş Tədbirlər planının hazırlanması qərara alınıb.

    Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında da müzakirələr aparılıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, Sərəncamın 1-ci bəndində AR Mədəniyyət Nazirliyinə AR Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş Tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

    Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri kimi XX əsrin əvvəllərində Azərbaycanda milli dövlətçilik quruculuğu prosesində yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli Akademiyanın bir sıra elmi müəssisələrində Rəsulzadənin yaradıcılığı ilə bağlı tədqiqatların aparıldığını, sözügedən Sərəncamın onun irsinin yenidən araşdırılmasına işıq salacağını söyləyib.

    Daha sonra Sərəncamın icrasını təmin etmək məqsədi ilə Akademiyanın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinə AMEA-nın Tədbirlər planının hazırlanması üçün müvafiq tapşırıqlar verilib.

    İclasda, o cümlədən AMEA-nın elmi tədqiqat müəssisələrinin strukturunun AMEA-nın yeni Nizamnaməsinə uyğun təşkili haqqında da müzakirələr aparılıb.

    Bundan əlavə, iclasda AMEA-nın yeni loqotipinin (embleminin) hazırlanması üçün müsabiqənin keçirilməsi də qərara alınıb. Akademik İsa Həbibbəyli bildirib ki, dövlətin elmi fəaliyyət sahəsində siyasətinə uyğun olaraq, 2022-ci ilin sonlarından başlayaraq AMEA-da yeni islahatlara start verilib və həyata keçirilən islahatlar içərisində elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin yeni əsaslar üzərində qurulması, AMEA-nın cəmiyyətdə korporativ imicinin formalaşdırılması və onun təbliği əsas istiqamətlərdən birini təşkil edir.

    Bu islahatlar, əsasən, ictimai və humanitar profilli elmi müəssisələrdən ibarət Akademiyanın dövlətin ideoloji və mədəni-mənəvi siyasətinin həyata keçirilməsindəki rolunun artırılmasına, Azərbaycan xalqının etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, dilinin, folklorunun, ədəbiyyatının, maddi və qeyri-maddi mədəni abidələrinin, qədim əlyazmalarının, mədəniyyətinin, incəsənətinin, milli-memarlıq məktəblərinin, tarixinin müasir çağırışlar, nəzəri-metodoloji və sosial-antropoloji baxışlar, o cümlədən Azərbaycançılıq prinsipləri əsasında araşdırılmasına yönəlmişdir.

    Natiq diqqətə çatdırıb ki, AMEA-nın yeni korporativ imicinin formalaşdırılması və təbliğinin Akademiyanın tarixinə, son dövrlər onun fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərə və müasir informasiya cəmiyyətinin tələblərinə müvafiq şəkildə qurulması üçün onun bütöv quruluşa malik, zahiri simvol və ya qrafika kimi xarakterizə olunan fərqləndirici simvolunun – loqotipinin (emblem) dəyişdirilməsi zərurəti yaranıb. AMEA-nın loqotipi (emblem) hazırlanarkən müasir dünyanın elmi çağırışları, Azərbaycanda elmin inkişaf tarixi və ənənələri, milli elmi nailiyyətlər, Akademiyanın əsas məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri, hədəfləri və s. ilə bağlı simvol və elementlər əsas götürülməlidir.

    Rəyasət Heyəti tərəfindən qeyd olunanları nəzərə alaraq, AMEA-nın yeni loqotipinin (emblem) hazırlanması üçün müsabiqə elan edilməsi qərara alınıb və müsabiqə komissiyası yaradılıb. Müsabiqədə yalnız təsviri sənətlə məşğul olan AMEA əməkdaşları iştirak edə bilərlər.

    İclasda, o cümlədən AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin və millət vəkili Fəzail Ağamalının AMEA-nın Qərbi Azərbaycan Tədqiqatları üzrə Əlaqələndirmə Şurasının tərkibinə daxil edilməsi qərara alınıb.

    İclasda qeyd olunan məsələlər ətrafında akademiklər – Arif Həşimov, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, İsmayıl Hacıyev, Muxtar İmanov, Teymur Kərimli, AMEA-nın müxbir üzvləri – Qurban Yetirmişli, Ərtegin Salamzadə, Musa Qasımlı, professorlar -  İlham Məmmədzadə, Məmməd Əliyev, texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

    Sonda bir sıra cari məsələlər müzakirə olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər