Prezident İlham Əliyev 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib.
Cənab Prezident öz müraciətində 2023-cü ilin ölkəmizin həyatında hansı hadisələrlə yadda qaldığından danışıb. Ölkə başçısı qeyd edib ki, 2023-cü ilin yadda qalan hadisələrindən olan dövlət suverenliyimizin bərpası xalqızmızın yaddaşında əbədi qalacaqdır. Bir günlük antiterror əməliyyatı Azərbaycanın suverenliyini tam bərpa etdi. Düşmən ordusu məhv edildi, hərbi texnikaları qənimət kimi götürüldü. Əlbəttə, bu böyük hadisədir. Biz buna öz gücümüzlə nail olmuşuq.
2020-ci ildə başlanan Vətən müharibəsindən qalib kimi ayrılsaq da, başa düşürdük ki, işimiz yarımçıq qalıb. Biz bu yolda sülh danışıqlarına getsək də, qarşı tərəf buna mane oldu. Ermənistan üzərinə düşən öhtəlikləri yerinə yetirməkdən boyun qaçırdı, hətta Azərbaycana qarşı yeni hərbi təxribatlar hazırladı və həyata keçirdi. Azərbaycana qarşı mina terroru davam etməkdə idi.
Cənab Prezident öz çıxışında bildirdi ki, Ermənistan tərəfindən həyata keçirilən bu əməliyyatlara xalqımız biganə qala bilməzdi. Dövlətimiz Ermənistan rəhbərliyinə və onların havadarlarına dəfələrlə xəbərdarlıq etdi, lakin bizim sözümüzə diqqət yetirilmədi. Nəhayət, sentyabrın 19-da başlamış və cəmi bir gündən də az davam edən antiterror əməliyyatı Azərbaycan ordusunun tam zəfəri ilə nəticələndi. Separatçı rejim Azərbaycan ordusunun qarşısında diz çökərək ağ bayraq qaldırdı və bununla da Azərbaycanda Erməni separatizminin kökü kəsildi. Azərbaycan ordusu bir daha qəhrəmanlıq, əsl peşəkarlıq nümayiş etdirdi.
Bu döyüşdə də şəhid verdik. Onlar öz fədakarlığı ilə Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqlar. İndi fəxrlə deyə bilirik ki, I və II Qarabağ müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın, antiterror nəticəsində şəhid olmuş igidlərimizin, 30 il ərzində həlak olmuş mülki şəxslərimizin, Xocalı qurbanlarımızın qisasını döyüşərək aldıq.
Xalqımız yaxşı xatırlayır ki, dünyada, xüsusilə, qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara dəstək olan ölkələr nə qədər hay-küy qaldırsalar da, bizim iradəmizə təsir edə bilmədilər. Çünki biz haqq yolunda idik. Bu torpaqlar bizim torpaqlarımızdır, onların sahibi bizik. Biz heç kimə imkan vermərik ki, bizi torpaqlarımızda at oynatsınlar.
Bu gün Qarabağda böyük tikindi işləri aparılır. Şəhərlərimiz, kəndlərimiz yenidən qurulur. Qarabağa böyük qayıdış davam edir. 2024-cü ildə də də bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlərimiz qayıdacaqlar.
Cənab Prezident iqtisadi sahədə əldə olunan uğurlardan da söz açaraq qeyd edib ki, müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən asılı olmayaq. Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır. COP 29-un gələn il Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir.
Ölkə rəhbəri bu ilin Heydər Əliyev ili olduğunu vuğulayaraq bildirib ki, Heydər Əliyevin xatirəsinə ən böyük hörmət bizim əməllərimizdir. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocalıda, Xocavənddə, Xanxəndində qaldırılan Dövlət Bayrağı Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Cənab Prezident onuda qeyd edib, bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq Azərbaycanla fəxr edirlər. Həmrəylik gününü yeni bir ovqatla qeyd edirlər.
Sonda cənab Prezident xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Ş.Xəlilova,
S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi