Yeni il hər zaman yeni hədəflərin, vəzifələrin müəyyənləşdirilməsi kimi xarakterizə olunur. Bu isə öz növbəsində tarixə qovuşan ilə baxış keçirməyi bir zərurətə çevirir. Dövlət başçısı İlham Əliyevin 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti 2023-cü ilin uğurları fonunda cari ildə görüləcək işlərin, hədəflərin təqdimatı oldu. “2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş verib. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır” söyləyən Prezident İlham Əliyev ölkəmizin iqtisadi, siyasi, hərbi, diplomatic uğurlarını əsaslı şəkildə diqqətə çatdırdı. Bu mühüm məqam xüsusi qeyd edildi ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda, Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız işimizin yarımçıq qaldığını yaxşı bilirdik. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.
Azərbaycan son üç ildə bu hədəfə sülh yolu ilə nail olmağa səy göstərdi. Ermənistanın 44 günlük İkinci Qarabağ müharibəsini düzgün təhlil edib nəticə çıxaracağı düşünülsə də belə olmadı. Ermənistan havadarlarının dəstəyinə arxalanaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək, silahlı birləşmələri ərazilərimizdən çıxarmaq istiqamətində addımlar atmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi. Azərbaycana qarşı mina terroru davam etdirildi. Təbii ki, ölkəmiz bu vəziyyətlə barışa bilməzdi.
Dövlətimizin başçısı müraciətində dünyanın ikili standartlara əsaslanan siyasətinə bir daha diqqət yönəltdi: “Ermənistana dəstək olan Qərb ölkələri ölkəmizə qarşı ittihamlar səsləndirsələr də, təzyiqlər göstərməyə çalışsalar da bu reallıq öz təsdiqini tapdı ki, heç kim iradəmizə təsir göstərə bilməz. Azərbaycanın atdığı hər bir addım ədalətə və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan dövləti ən yüksək tribunalardan bu çağırışı edir ki, beynəlxalq hüququn və ədalətin tətbiqi üçün vahid mexanizm olmalıdır. Bu məqamı hər zaman xatırlatmaq istərdik ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin işğalçılıq siyasəti yürütməsinə baxmayaraq daim dəstəklə əhatə olunması fonunda beynəlxalq hüququn mövcudluğundan xəbərsiz olduğunu dilə gətirdi. Onun 44 günlük İkinci Qarabağ müharibəsi dövründə müsahibəsində jurnalistin beynəlxalq hüquqla bağlı sualını məhz “Məgər beynəlxalq hüquq mövcuddurmu” sualı ilə cavablandırması digər dövlətlərə ədalət və beynəlxalq hüquq dərsi keçən bəzi dünya güclərini narahat etmədi. Ermənistana belə dəstəklərin nəticəsidir ki, 44 günlük İkinci Qarabağ müharibəsi yaşandı, həmçinin bir günlük lokal antiterror tədbirləri həyata keçirildi. Dövlətimizin başçısı İlham Əliyev müraciətində bir daha bu çağırışı etdi: “Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin
Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Hər bir soydaşımız bilir ki, ona arxa duran, hüquqlarını, şərəfini, nüfuzunu qorumağa hazır olan milli dövləti vardır. Odur ki, Asiyada, Avropada, Amerikada və digər qitələrdə məskən salmış soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilməsi, geniş bir bölgədə söz sahibi olması, həyatın bütün sahələrində heyrətamiz uğurlar qazanması ilə fəxr edirlər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimizin bu ilin sentyabr ayında Qarabağda həyata keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur.
Ceyhun Hüseynov,
Masallı RMX İƏ üzrə mütəxəssis