Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ciddi siyasi hadisə olacaq. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün şəhər və rayonlarında seçki məntəqələri qurulacaq və səsvermə hüququ olan hər kəs bu prosesdə iştirak edə biləcək. Regionda baş verən siyasi proseslər fonunda ölkəmizdə keçirilməsi nəzərdə tutulan seçkilərin nəticələri Azərbaycanın gələcək inkişafına, təhlükəsizliyimizə ciddi təsir göstərəcək.
Bu dəfə ki seçkilər əvvəlkilərdən müəyyən qədər fərqli olacaq. “İlk dəfə olaraq biz qalib ölkə üçün prezident seçəcəyik. Vətən müharibəsində qazandığımız Qələbə seçkilərin nəticələrinə təsirsiz ötüşməyəcək. Azərbaycan vətəndaşlarının seçkilərə münasibətində Qarabağ, ərazi bütövlüyü amili hər zaman önəmli rol oynayıb. Xatırlayırıq, əvvəlki seçkilərdə vətəndaşlar bir qayda olaraq “bizi qələbəyə aparacaq, torpaqlarımızı işğaldan azad edəcək namizədə səs verəcəyik” deyə bildirirdilər. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda sosial problemlər heç zaman ərazi bütövlüyü məsələsindən öndə olmayıb. Azərbaycan xalqı hər zaman inkişafa, sabitliyə, tərəqqiyə səs verib. Prezident olmaq istəyən namizədlərin də çıxışlarında Qarabağ, suverenlik, ərazi bütövlüyünün təmin olunması mövzuları prioritet təşkil edirdi. Etiraf edək ki, 2020-ci ilə qədər keçirilən seçkilərdə müxalifətdən olan namizədlər çıxışlarını əsasən keçmiş Qarabağ münaqişəsi ətrafında quraraq rəqibi hədəf alırdılar. Bu gün isə seçkilərdə Qarabağ mövzusunun aktual olacağını düşünmürəm
2018-ci ildə Prezident seçildikdən sonra İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problemin - ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Bu gün ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Bu, həm ölkəmizdə, həm də regionda yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Əminliklə söyləmək olar ki, xalqımız bu seçkilərdə çox fəal iştirak edəcək.
Regionda baş verən proseslər, siyasi dəyişikliklər seçkilərin vaxtının irəli çəkilməsini zəruri etdi. Əminliklə demək olar ki, sağlam rəqabət şəraitində keçiriləcək seçkilərin nəticələri heç bir tərəfdə, hətta beynəlxalq təşkilatlarda belə şübhə doğurmayacaq.
Ülvi Rufullayev,
Masallı rayonu, Binə Xocavar kəndi