Məlum olduğu kimi, İraq Azərbaycan Respublikasının müstəqilliyini 02 yanvar 1992-ci il tarixində tanımışdır. 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuş və elə həmin ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmışdır. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır.
Cari ilin noyabr ayının 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ölkəmizə ilk dəfə rəsmi səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan və İraq Prezidentləri təkbətək və nümayəndə heyətləri ilə birgə görüşlər keçirmiş, ikitərəfli əlaqələrin inkişaf perspektivlərini ətraflı müzakirə etmişlər. Qərara alınmışdır ki, iki həftədən sonra Azərbaycanın nümayəndə heyəti hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək. Müzakirə olunan məsələlər arsında enerji sahəsində əməkdaşlıq məsələsi xüsusi yer tutub. Həmçinin dövlət başçıları müdafiə sənayesi, turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşlərin nəticəsi olaraq ölkələrimiz arasında dostluq münasibətlərinin olduğu bir daha təsdiq edilib. Qeyd olunub ki, İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir, BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirlər.
Ölkə Prezidenti cənab İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında yer almış detallı açıqlamalar istər son üç ildə Cənubi Qafqazda yaranmış yeni reallıqların mahiyyəti barədə dürüst bilgilərin formalaşması, istərsə də gələcəkdə hadisələrin hansı məcrada inkişaf edə biləcəyinə dair təxminlərin müəyyən edilməsi baxımından xüsusi önəm kəsb edir. İlk növbədə dövlətimizin başçısı 30 il davam edən və üç il bundan öncə başa çatmış Ermənistan-Azərbaycan münaqişəsində məhz qarşı tərəfin, yəni Ermənistanın birmənalı olaraq işğalçı ölkə qismində çıxış etdiyini diqqət mərkəzinə çəkərək, 1990-cı illərin əvvəlində bu ölkənin Azərbaycana qarşı təcavüzə başladığını vurğulamışdır. Qeyd olunmuşdur ki, bu təcavüz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi. Ermənilər etnik təmizləmə siyasəti həyata keçirərək bir milyondan çox azərbaycanlını keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazilərindən qəddarlıqla qovdular. İşğal dövründə Ermənistan nəinki zəbt etdiyi torpaqları geri qaytarmayacağını, hətta ölkəmizə qarşı yeni ərazi iddiaları da irəli sürə biləcəyini açıq-aşkar dəfələrlə bəyan etmişdi. Yəni Azərbaycan torpaqlarının sülh yolu ilə işğaldan azad olunması imkanları ümumiyyətlə sıfıra endirilmişdi. Buna görə də işğala son qoymaq üçün həll yolu tapmaqdan ötrü müvafiq mandatı olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi.
Lakin Ermənistan məğlub olduğu II Qarabağ savaşının nəticələrindən dərs almadı. Bu ölkə imzaladığı üçtərəfli Bəyanatın şərtlərinə əsasən öz qoşunlarının qalan hissəsini də Azərbaycan ərazisindən çıxarmalı olduğu halda bunu etmədi. Üç il ərzində Azərbaycan bu məsələni yenidən sülh yolu ilə həll etməyə çalışdı. Lakin Ermənistan hökuməti Azərbaycanın sülh çağırışlarına deyil, Qərbdəki təhrikçilərin məsləhətlərinə qulaq asdı. Onların məsləhəti isə hərbi kontingenti bizim ərazimizdə mümkün qədər çox saxlamaqdan ibarət oldu. Buna görə də Azərbaycan bu ilin sentyabrında beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazisində antiterror əməliyyatı apardı. Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Nəticədə Qarabağdakı qeyri-qanuni separatçı rejim süquta uğradı və bu gün Azərbaycan Bayrağı artıq bütün ölkə ərazisində vüqarla dalğalanır.
Əgər xarici qüvvələrin rəsmi İrəvana təsiri olmasaydı, və yaxud da bu təsirlər regional sülhün və sabitliyin inkişafına xidmət etmək məqsədi daşısaydı Ermənistan bəlkə də artıq çoxdan Azərbaycanla sülh müqaviləsini imzalamış olardı. Çünki Ermənistan düşdüyü siyasi və iqtisadi böhran vəziyyətindən çıxış yolunu tapmaq şansını yalnız bu halda əldə edə bilər. Lakin təəssüflər olsun ki, Qərbin və ilk növbədə Fransanın gedən proseslərə destruktiv müdaxiləsi Ermənistanı düzgün qərar verməkdən yayındırır. Fransa bu ökəni faktiki olaraq özünün marionetinə çevirib və Cənubi Qafqazda vəziyyətin gərginləşməsi üçün əlindən gələni edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Fransanın neqativ təsiri altında olan Ermənistan hökuməti qisas haqqında düşünür və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Fransa hökumətindən gələn yanlış mesajlar Ermənistan hökumətində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla Fransa bu ölkəni növbəti müharibəyə və deməli növbəti fəlakətə sürükləyir. Odur ki, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Əgər Ermənistan yeni bir müharibəyə başlamaq qərarı verərsə, nə Fransa, nə də heç bir başqa qüvvə onlara kömək etməyəcək.
Rusif Kərimov,
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi