Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir.Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir.
Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Kəlbəcər rayonu füsunkar təbiətə, zəngin mədəni irsə malikdir. Bizim bir neçə böyük çayımızın mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay. Onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırır. Ancaq mənfur düşmən bizi bu imkanlardan məhrum etdi. Çünki Tərtər çayı 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Sərsəng su anbarına axıdılır. Sərsəng su anbarı o vaxt o məqsədlə tikilmişdi ki, Qarabağın Aran zonasında yerləşən 6-7 rayonda suvarma işləri təmin edilsin. O vaxt Sərsəng su anbarı inşa ediləndən sonra heç vaxt suvarılmayan 100 min hektar ərazi artıq suvarılmağa başlamışdır. Ağdam, Goranboy, Yevlax, Bərdə, Tərtər və digər rayonlar oradan qaynaqlanırdı. Mənfur düşmən suyumuzu kəsdi. Yayda suyu kəsirdi, qışda buraxırdı və su basırdı bütün torpaqları. Bax, bizə qarşı ekoloji terror təşkil edilirdi. Ermənistan terror dövlətidir, bu terrorun bir çox əlamətləri var.
Tarixi abidələrimizin dağıdılması, mülki əhaliyə qarşı törədilən soyqırımı, meşələrimizin qırılması, çaylarımızın məcrasının dəyişdirilməsi və digər əlamətlər var. Baxın, Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi, bizə isə su gəlmirdi. Biz Suqovuşan qəsəbəsini alandan sonra indi artıq suyun verilməsi başlamışdır və 100 min hektara suyun verilməsi nəzərdə tutulur.Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə həyat qayıdacaqdır.
Fərid Əyyubzadə,
Masallı rayonu, Banbaşı kəndi