2020-ci il sentyabrın 27-si başlayan və 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu möhtəşəm Qələbənin qazanılmasında Azərbaycan əsgəri hərəsi bir qəhrəmanlıq dastanı yazdı, ölümə meydan oxudu, torpaqlarımızın hər qarışı uğrunda çarpışdılar, vuruşdular, ana Vətənə canlarını qurban verməkdən belə çəkinmədilər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi hücum taktikası, o cümlədən ərazi bütövlüyümüz uğrunda gedən döyüşlər dünya praktikasında ilklərdən oldu. Ölkə Prezidentimiz yenilməz Sərkərdə, Azərbaycan tarixində itirilmiş torpaqlarımızı qaytaran Prezident kimi tarixə düşdü. 8 Noyabr –Zəfər günüdür, qalibiyyət günü, fəxarət günüdür.
Bu günü xalqımıza yaşadan əziz canından keçərək şəhidlik zirvəsinə ucalan bütün şəhidlərimizi hörmət və ehtiramla anırıq. Ruhları qarşısında baş əyirik. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir!, Cəbrayıl bizimdir!, Zəngilan bizimdir!, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan! Biz fəxr edirik ki, qəhrəman Azərbaycan xalqı Qələbəni döyüş meydanında qazandı. Qələbə zəfərinə Azərbaycan əsgəri öz qəhrəmanlığı ilə imza atdı.
10 noyabr gecəsi Prezident İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır". Hər bir Azərbaycanlının səbirsizliklə gözlədiyi qələbəmizin paradı Ordumuzun qüdrətini, Ermənistanın məğlubiyyətini bütün dünyaya nümayiş etdirdi. Ölkə başçımızın dediyi bu sözlər hər birimizi sevinc göz yaşlarına boğdu”. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır”. 10 dekabr 2020-ci ildə Bakıda, Azadlıq Meydanında keçirilən Zəfər paradı döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi.
Zəfər paradı Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuşdur. Zəfər Paradı yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəylimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin nümayişi etdirdi. Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistanın hərbi texnikasının bir qisminin nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə oldu.Paradda Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisədir.
Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi. Zəfər paradı bir daha göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir. Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən 17 ildə uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Uzun illər sürən yurd, torpaq həsrətinə son qoyan Zəfər bizi Azərbaycan Respublikasının torpaq bütünlüyünün təmin edən, işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu o böyük günə çatdırdı. Zəfər paradı Azərbaycan xaqlının tarixi yaddaşında əbədi qalacaqdır. Zəfər Günü – qürur günümüz , Zəfər paradı-qələbəmizin rəmzi, xalqımız üçün şərəf simvoludur.
Azərbaycan 8 Noyabr 2023-cü il tarixdə 44 günlük Vətən savaşının üçüncü ilini - Zəfər Gününü qeyd edəcək. Xankəndi bizi gözləyir !
Şahbazova Məhbubə,
Boradigah qəsəbə İnqilab Nağıyev adına 2 nömrəli tam orta məktəbin direktoru