Qarabağ,Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonasıdır

Qarabağ,Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonasıdır
  • Cəmiyyət

  • İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun relyefi, külək, günəş, su ehtiyatları imkan verir ki, Azərbaycan öz təbii sərvətləri hesabına bərpaolunan və "yaşıl enerji" zonası  yaratsın. Qeyd edək ki, bu istiqamətdə çox böyük layihələr hazırlanır və icra edilir. Azərbaycan öz təbii sərvətlərinin həcminə və həm də etibarlılığına görə Avropanın enerji körpüsünə çevrilir.
             
     İqtisadi gücü və yeni texnologiyaların tətbiqi sayəsində respublikamız  enerji idxalçısından etibarlı ixracatçı ölkə kimi dünyanın diqqətini cəlb edir. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur "Yaşıl Enerji Zonası" elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək bildirib ki, azad edilmiş ərazilər "yaşıl enerji" zonasına çevriləcək.
               
    Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çox müşahidə olunur. Hər iki bölgədə mövcud olan Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas  və digər kiçik çaylar böyük hidroenerji potensialına malikdir. Həmçinin, ilkin təhlillərə əsasən Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.

    Müasir dünyada günəş enerjisi bərpaolunan enerjinin ən perspektivli və ən böyük potensiala malik olan növü hesab olunur. Günəş enerjisindən elektrik enerjisi əldə etmək məqsədilə günəş panellərindən, istilik və isti su təminatı üçün isə günəş kollektorlarından istifadə edilir. Günəş enerjisi texnologiyaları yaşıl siyasətlə bağlı müxtəlif beynəlxalq tədbirlərdə və yeni layihələrdə fəal iştirak edən Azərbaycanda yaşıl enerji istehsalı və ixracını artırmaq üçün mükəmməl hədəflər müəyyən edilib. Məhz buna görə də günəş və külək enerji istehsalını yaratmaq üçün bu sahəyə investisiyalar cəlb olunur, yaşıl zona üçün lazımi texnologiyaların tətbiqi həyata keçirilir. Gələcək naminə icra olunan layihələr içərisində alternativ və bərpa edilən enerji mənbələrindən istifadə mühüm yer tutur. Qeyd edək ki, dünyada  enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən (günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, biokütlə enerjisi) geniş istifadə olunur.
               
    Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.
                 
    İnvestorlardan bəhs edərkən qeyd etməliyik ki, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Çinin "Gezhouba Group" şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" layihələrinə investisiya yatırmaqda maraqlıdırlar. Bu barədə "yaşıl enerji" sahəsində fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələrinin Laçın rayonuna səfəri zamanı bildirilib. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər ciddi bərpaolunan enerji potensialına malikdir və xarici investorlar bu sahəyə böyük maraq göstərirlər. Yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzur bərpaolunan və "yaşıl enerji" zonasına çevriləcək və bu hər iki bölgənin inkişafına müsbət təsir göstərəcək.

       

         
    Paşayev Teymur,
    Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbinin laborantı


    PAYLAŞ:

    Oxşar xəbərlər