Oktyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin dəstəyi ilə Naxçıvanda “Din və həmrəylik” mövzusunda üçgünlük seminarın açılış mərasimi olub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Humanitar siyasət məsələləri şöbəsinin müdiri Tural Rzayev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminar iştirakçıları açılış mərasimindən öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Dövlət Himninin səslənməsi ilə başlayan açılış mərasimində şəhidlərin ruhuna ithafən Qurani-Kərim tilavət edilib.
Mərasimdə açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Humanitar siyasət məsələləri şöbəsinin müdiri Tural Rzayev ölkəmizdə dini-mənəvi dəyərlərə olan dövlət qayğısından danışıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov milli həmrəyliyin vacibliyinin əhəmiyyətini vurğulayaraq xalqımızın qələbələrinin təməlində bu amilin dayandığını qeyd edib. Həmçinin G.İsmayılov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfərdən, ölkəmizdə hökm sürən dini və mənəvi həmrəylikdən, dinlər və məzhəblərarası vəhdətdən, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətindən, onun bu gün uğurla davam etdirilməsindən, tarixi-dini abidələrimizə dövlət qayğısından, bu sahədə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Naxçıvanın tarixən milli-mənəvi dəyərlərin təbliğ mərkəzlərindən biri olduğunu diqqətə çatdırıb. M.İsmayılov qeyd edib ki, həyata keçirilən layihənin başlıca məqsədi tarixən formalaşan dəyərlərimizə bağlılığı qoruyaraq mənəvi mühiti gücləndirməkdir.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov dini-mənəvi dəyərlərimizin qorunması, habelə din xadimlərinin bu sahədə göstərdiyi fəaliyyət barədə söhbət açıb.
Sonda çıxış edən Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev Naxçıvandakı mövcud dini mühit, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində görülən işlər barədə məlumat verib.
Açılış mərasiminin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında hazırlanan “Azərbaycanın din alimləri” filmi nümayiş etdirilib.
Bakı şəhəri və Naxçıvandan olan din xadimlərinin iştirakı ilə 23-25 oktyabr tarixlərini əhatə edən üçgünlük layihə çərçivəsində Naxçıvanın dini-tarixi abidələrini ziyarət, həmçinin birgə namazın qılınması, ekspertlər tərəfindən mühazirələrin dinlənilməsi nəzərdə tutulur.