Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Bakı şəhərində Şimal-qərb bölgəsindən və Bakı şəhərindən olan din xadimləri üçün “Dini vəhdət-milli birlik” adlı üçgünlük seminar keçirilib.
LEQAL.AZ xəbər verir ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov, İnstitutun müəllimi, hədisşünas İbrahim Quliyev, Bakı şəhəri, Balakən, Zaqatala, Şəki və Qax rayonlarından olan din xadimləri iştirak ediblər.
Təbdirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və digər natiqlər ölkəmizdə mövcud olan tolerantlığın, multikultural mühitin, birgəyaşayış ənənəsinin tarixi kökləri, dinlərarası dostluğun və məzhəblərarası vəhdətin vacibliyini ehtiva edən mövzularla bağlı fikirlərini çatdırıblar.
Tədbir çərçivəsində din xadimlərinin iştirakı ilə "Heydər" məscidində vəhdət halında namaz qılınıb, İkinci Fəxri Xiyaban ziyarət edilib və şəhidlərimizin ruhuna dualar oxunub.
Daha sonra tədbir iştirakçıları Azərbaycan İlahiyyat İnsitutunu , Mənəvi Dəyərlərin Təbliği Fondunu ziyarət ediblər, Fondun fəaliyyəti və İnstitunun tədris prosesi ilə yaxından tanış olublar.
Mahal Məmmədhüseynli