20 oktyabr - Zəngilan şəhəri günü

20 oktyabr - Zəngilan şəhəri günü
  • Cəmiyyət

  • Bu gün biz torpaqlarımızın azad olunması xəbərlərini eşidərək, qürurlanır, bu vətənin övladı olmağımızla fəxr edirik. Cənab Ali Baş Komandan İlham Əliyevin Qarabağın işğaldan azad olunması barədə verdiyi xoş müjdələr biri-birini əvəz edir. Bəli, biz əminliklə deyə bilərik ki, bu gün müzəffər Ordumuzun döyüş meydanında rəşadəti qarşısında ermənilər tab gətirə bilmir. Doğma torpaqlarında müharibə aparan ölkəmiz hazırda ərazi bütövlüyünü qarış-qarış bərpa edir. Oktyabrın 20-də bütün Azərbaycan xoş bir xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunduğunu sevinclə bildirdi. Hər birimiz sevindik. Lakin ən çox sevinən 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılar oldu. Onların sevincini heç bir sözlə ifadə etmək olmur.Vətən müharibəsi başlanan gündən "Olimpiya dünyası” qəzeti öz səhifələrini bu mövzuya həsr edir. Bu sayımızda Zəngilan barəsində topladığımız məlumatları çoxsaylı oxucularımıza təqdim edirik.
               
    XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparılıb. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir.
               
    1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat kilometr, əhalisi 35 mindən çox olub. Ərazisinə bir şəhər, bir qəsəbə, 83 kənd daxildir.İşğal ərəfəsində rayon ərazisində onlarla milli və dini-tarixi abidə olunmuşdur.
                 
    Prezident İlham Əliyev müraciətində oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen olub), Vəng kəndlərinin (Dövlət başçısı həmin müraciətində Vəng kəndinə Çinarlı adı verdiyini açıqlayıb) işğaldan azad edildiyini bildirib.
                 
    Zəngilan rayonu iki ölkə ilə qonşu dəhlizlərə malik olmaqla xarici ticarət üçün unikal imkanlara sahibdir: "Tranzit nöqteyi-nəzərdən, rayonun xüsusi özəlliyi var ki, İran islam Respublikası ilə ticarət münasibətlərinin daha da inkişafına töhfə verə bilər. Habelə, Kəlbəcər-Laçın iqtisadi rayonunda Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağı, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları mövcuddur. Erməni işğalçıları tərəfindən istismar edilən bu yataqlar sözügedən ölkənin dırnaqarası “keyfiyyətli mineral ehtiyatlar” ixrac edən ölkəsinə çevirmişdir.
               
    Belə ki, Ermənistan xarici ticarətini tədqiq edən zaman ixracda dominant mövqe mineral ehtiyatlara aiddir. Qədim Azərbaycan torpağına aid Ermənistan ərazisində də mineral ehtiyatlar mövcuddur. Sözügedən ölkə Kəlbəcər və Zəngilan rayonu ərazisində yerləşən mineral ehtiyatları mənimsəyərək erməni mənşəli resurs kimi Avropa ölkələrinə və Rusiya Federasiyasına ixrac edir. Söz yox ki, istismar edilən mineral resursların mənşəyini saxtalaşdıraraq, Avropa ölkələrinə satan Ermənistan iqtisadi cinayətkarlıqla məşğul olurdu. Çünki Avropa Birliyinin qanunvericilik normalarında mənşə ölkəsinin bilərəkdən səhv ekspertiza edilməsi iqtisadi cinayətkarlıq hesab edilir və bu kimi hallar aşkarlandığı müddətdə ticarət sanksiyaları tətbiq edilir. Bütün bunları bilən Ermənistan malın mənşə özəlliyini saxtalaşdıraraq Ermənistan ərazisi kimi göstərib. Bu yataqların işlənməsində iştirak edən Sterlite Gold Ltd, Sirkap Armenian, Base Metals, Manex and Valex və Armenian Copper Program kimi onlarla şirkətin əksəriyyəti xaricdəki erməni diasporası tərəfindən idarə edilib.
                 
    Zəngilan rayonu coğrafi müxtəlifliyinin bariz nümunəsi turizm potensialına malik olmasıdır. Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar bu zonada yerləşir. Yaşı 500-ə, uzunluğu 12 km çatan çinar meşəliyi Bəsitçay qoruğunda saxlanılır. Bəsitçay qoruğu Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılmışdı. Qoruğun sahəsi 107 hektardır. Qoruqda yerləşən Şərq çinarı "Qırmızı Kitab"a daxil edilib. Təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən kəsilərək yüngül sənayedə və digər biznes məqsədləri üçün istismar edilən ağaclar da iqtisadi cinayətkarlığın qurbanıdır".



    Ülvi Rufullayev,                      
    Masallı rayon Binə Xocavar kəndi
    PAYLAŞ:

    Oxşar xəbərlər