Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, gənclərin müddətli həqiqi hərbi xidmətə çağırışı davam edir.
Milli Ordu sıralarına payız çağırışı kampaniyası ölkənin hər yerində olduğu kimi, Masallı rayonunda da mütəşəkkil keçir.
İlham Əliyevin Prezident seçilməsinin 20-ci və 44 günlük Vətən müharibəsindəki Zəfərimizin üçüncü ildönümü, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda və digər əzəli torpaqlarımızda müqəddəs bayrağımızın ucaldığı tarixi günlər ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Masallı rayon şöbəsinin qarşısında gənclərin orduya yolasalma mərasimindəyəm.
Əvvəlcə SHXÇDX rayon şöbəsinin rəisi mayor Vüsal Şirinovun fikirlərini öyrənməyə çalışıram. O, bildirir: “Hamımıza bəllidir ki, çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırılır. Onlar xidmət edəcəkləri qoşun növünü və hərbi hissəni SHXÇDX-nin rəsmi internet saytının müvafiq bölməsində tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirirlər. Bu gün Azərbaycan Ordusunda yaradılan nümunəvi şəraitin nəticəsidir ki, xidmətə yeni başlayan əsgərlərimiz heç bir çətinliklə üzləşmirlər. İnanırıq ki, bu gün yola saldığımız Masallı gəncləri qalib Ordunun əsgərləri kimi üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklər...”
Daha sonra gənclərə, onları yola salmağa gələn valideyn və qohumlarına yaxınlaşıram. Masallı şəhərindən Məhərrəm Məmmədov, Ərkivan qəsəbəsindən Şaiq Babayev, Mütəllim Cəfərov, Birinci Səmidxan kəndindən Fərid Şükürov, Türkobadan Namik Nuriyev, Zöhrab İsmayılov və digər çağırışçıların təəssüratlarını dinləyirəm. Onlar bu əlamətdar günün yaddaşlarında əbədi iz buraxacağını, hərbi xidmətin hər biri üçün Vətən qarşısında övladlıq borcu olduğunu deyirlər.
Orduya yollanan Bakı Dövlət Universitetinin məzunu Ramazan Muxtarov, Voronej Dövlət Meşə Təsərrüfatı Universitetinin məzunu Vüqar Qaraşlı söhbət zamanı qüdrətli dövlətimizlə, Müzəffər Ali Baş Komandanımızla və rəşadətli ordumuzla qürur duyduqlarını, qalib ordunun adına layiq, bacarıqlı əsgərlər olub, torpaqlarımızın keşiyində inamla dayanmaq amalı ilə xidmət edəcəklərini vurğulayırlar.
Yolasalma mərasiminə toplaşan valideynlər sevinirlər ki, öz xalqının arzularını gerçəkləşdirən sərkərdəmiz, sülhsevər Prezidentimizin rəhbərliyi, məğlubedilməz Azərbaycan əsgərinin gücü, şücaəti sayəsində tarixi ədalət bərpa edildi, müharibə od-alovu söndürüldü... Ərkivan qəsəbəsindən çağırışçı babası Tarverdi Babayev deyir ki, xalqımızın gözü aydın olsun! Daha bundan sonra işğaldan azad olunmuş torpaqlarımızda əbədi xoşbəxt yaşayacayıq. Bu hamımızın fəxarətidir. Bu gün balalarımızı arxayınçılıqla, qürur hissi ilə Vətənin müdafiəsinə göndəririk.
Qasımlı kəndindən, oğlu Turanı yola salmağa gələn Yasin Kərimov əlavə edir ki, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində, cəmiyyətə yararlı şəxsiyyət kimi hazırlanmasında hərbi xidmətin rolu böyükdür. Bu müddətdə onlar milli-mənəvi dəyərlərimiz kimi ən üstün keyfiyyətlərə sahiblənirlər.
Ordu sıralarına yollanan gəncləri təbrik edən valideynləri, yaxınları onlara əsgəri xidmətlərini şərəflə başa vurmağı arzulayırlar.
Oktyabr çağırışçıları əllərində Azərbaycan bayrağı böyük ruh yüksəkliyilə onlar üçün ayrılmış avtobuslara əyləşərək müəyyən edilən qrafik əsasında xidmət yerlərinə yola düşürlər.
Məlumat üçün bildirək ki, gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 30-dək davam edəcək.
Akif AĞAYEV