Multikulturalizmin Azərbaycan modeli

Multikulturalizmin Azərbaycan modeli
  • Cəmiyyət

  • “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.

    Ümummilli lider Heydər Əliyev

     
    “Biz Azərbaycanda multikulturalizmi bir həyat tərzi olaraq qoruyur və dəstəkləyirik. Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi sayılır”

    Prezident İlham Əliyev

     
    I Yazı

    Fərqli sivilizasiyalar, fərqli mədəniyyətlər və fərqli düşüncələrin birgə yaşayışını, əməkdaşlığını özünə hədəf seçən, bəşəriyyəti xilas edərək gələcəyə aparan yol bu günün Azərbaycanda mövcud olan nümunələrdən keçir. Müasir Azərbaycan müxtəlif dəyərlərin bir-biri ilə tanış olduğu körpüdür. Tarixi faktlar da sübut edir ki, fərqli dünyagörüşünə, milli-mənəvi dəyərlər sisteminə, dini baxışlara sahib olan xalqların bir-biri ilə dialoq qurmaq, ortaq dil tapmağa çalışmaq kimi nəcib təşəbbüsləri bir çox hallarda bəşəriyyəti fəlakətlərdən, müharibə və toqquşmalardan xilas etmişdir. Təsadüfi deyil ki, müasir dünyada sivilizasiyaların dialoquna, tolerant düşüncə tərzinə, müxtəlif etno-mədəni topluluqların birgəyaşayışına nail olmaq demokratik cəmiyyət qurmağın təməl prinsiplərindən biri hesab olunur. Tarixən başqa millətlərə və səmavi dinlərə, fərqli mədəniyyətlərə dözümlü yanaşması ilə seçilən Azərbaycanda müşahidə edilən tolerantlıq xalqımızın milli-mənəvi dəyərlər sistemindən, düşüncə tərzindən qaynaqlanır. Geostrateji mövqeyinə görə müxtəlif dünyagörüşlərin, milli-mənəvi dəyərlərin, dini-sakral baxışların qovuşduğu bu torpaqlarda yaşayan insanlar birgəyaşayışın təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü, fərqli mədəniyyətlərin dialoqunu öz gündəlik həyatında hiss edir.

    Bu gün hər bir azərbaycanlı fəxrlə deyə bilər ki, xalqımız tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən qoruyaraq saxlamış və nəsildən-nəsilə ötürmüşdür. Şübhəsiz, bunda dini etiqadın rolu böyük olmuşdur. Təsadüfi deyil ki, günümüzədək gəlib çıxan milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Həyatına daxil olan bütün dinlərin, xüsusilə də İslamın əsl mahiyyətini dərk edən, saflığını qoruyan xalqımız onun insanı paklığa səsləyən müqəddəs çağırışlarına, mərasim və ayinlərinə tarixin bütün məqamlarında əməl etməyə çalışmışdır. Hətta insanların yaddaşında ateizm mərhələsi kimi qalan sovet dönəmində də xalqımız öz milli-mənəvi dəyərlərindən, dini baxışları və adət-ənənələrindən uzaqlaşmamış, əksinə, milli-dini dəyərlərinə daha böyük istəklə sarılmışdır.

    Azərbaycanda dinin tarixinə nəzər salsaq görərik ki, ayrı-ayrı dövrlərdə ölkə ərazisində bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq kimi dinlər yayılıb. Qədim İpək Yolunun üzərində yerləşən və Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan torpağı tarix boyu müxtəlif dinlərin qovuşduğu bir məkan olub. Ölkəmizin tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. VII əsrin əvvəllərində isə Ərəbistan yarımadasında meydana çıxan İslam tezliklə dünyanın böyük bir hissəsinə yayılıb və elə həmin dövrdən başlayaraq İslam dini Azərbaycan xalqının milli düşüncəsində yer alaraq mədəniyyətinin tərkib hissəsinə çevrilib. Demokratikləşmənin ən vacib prinsiplərindən biri milli mənsubiyyətindən, dilindən, irqindən, dini etiqadından asılı olmayaraq, hamının hüquq bərabərliyinin qorunub saxlanılması, adıçəkilənlərə bu azadlıqların hamısının verilməsidir. Azərbaycan da çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Milliyətindən, dilindən, dinindən, inanclarından, adət-ənənələrindən asılı olmayaraq bizdə insanların hamısı bərabər hüquqlardan istifadə edir. Əslərboyu müxtəlif dinlərin və millətlərin nümayəndələri ölkəmizdə sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Bu gün də Azərbaycanda tarixən yayılan dinlərin çoxu öz mövcudluğunu saxlamaqda davam edir.

    Çoxkonfessiyalı Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər. Xristianlığın demək olar ki, bütün cərəyanları - pravoslav, katolik, lüteran və protestant təriqətləri, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar ölkəmizdə təmsil olunurlar. Ölkənin xristian əhalisi əsasən Bakı, Sumqayıt, Gəncə şəhərlərinin, eləcə də Qax (gürcü pravoslavlar), İsmayıllı, Gədəbəy, Qobustan (molokanlar), Qəbələ və Oğuz (Nic qəsəbəsində və Oğuz şəhərində alban-udilər) rayonlarının əhalisidir. Katoliklər və lüteranlar daha çox Bakı şəhərində yaşayırlar. Hazırda Azərbaycanda 2 mindən çox məscid, 16 kilsə və 7 sinaqoq var. Kilsələrdən 5-i pravoslav (Bakıda 3, Gəncə və Xaçmazda 1), 4-ü gürcü pravoslav (Qax rayonu), 1-i lüteran, 1-i katolik və 2-si Alban-udi dini icmasına mənsubdur. Yəhudi sinaqoqlarından 2-si Bakıda, 2-si Oğuzda, 3-ü Quba rayonunun Qırmızı qəsəbəsində yerləşir.

    Dünyada yüksək milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus harmoniya yaradır. Bu cür dəyərlərə, milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdəndir. Ölkəmizdə bu sahədə bərqərar olan münasibətlər təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin yaşam tərzi olub. Bu gün isə reallıq odur ki, artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır. Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı həm də milli və dini azlıqlar da dəstəkləyirlər. Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.

    Multikulturalizmin ölkəmizdə yaranma tarixinə nəzər yetirsək görərik ki, Sovet İttifaqının dağılması ilə bu regionlarda xaosun hökm sürməsinə baxmayaraq, Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi və titanik səyləri nəticəsində ölkəmizdə tolerantlıq mühiti qoruna bildi, bütün xalqlar arasındakı yüz illərə söykənən dostluq və birgəyaşayış münasibətlərinin ritmi pozulmadı. Həmin dövrdə ölkənin müharibə şəraitində olması, ağır iqtisadi-sosial vəziyyətlə yanaşı, hakimiyyət kürsüsü uğrunda gedən daxili mübarizə onu parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Bu vəziyyət, şübhəsiz ki, dini duruma da təsirsiz ötüşmürdü. Daxili qarışıqlıqdan, yaranmış qeyri-sabit sosial-iqtisadi vəziyyətdən istifadə edən bəzi radikal dini cərəyanların nümayəndələri “xeyriyyəçilik” adı altında Azərbaycanda fəaliyyətə başladılar. Əslində, əksəriyyətinin niyyətinin saf olmadığı, şəxsi və ya qrup maraqlarına hesablandığı bir müddət sonra aydın oldu. Çox keçmədi ki, ölkədə dövlət-din münasibətlərinin hüquqi əsasları formalaşdırıldı. Vətəndaşların dini etiqad və vicdan azadlığı təmin olundu, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı. Ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şərait yarandı. Eyni zamanda, dövlətin din siyasəti respublikamızın milli maraqlarını, onun vətəndaşlarının təhlükəsizliyini təmin etmək, ümumiyyətlə, cəmiyyətdə sabit vəziyyət yaratmaq üzərində kökləndi. Ölkəmiz dünyəvi, demokratik, hüquqi, unitar dövlət olmaqla yanaşı, həm də öz milli-mənəvi dəyərlərinə söykənən dövlətə çevrildi. Uzun illər ibadət ocaqlarının fəaliyyətinə, dini ayinlərin icrasına qoyulmuş qadağalar aradan qaldırıldı, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu. Bu sahədə yerli milli kadrların hazırlanmasına, dini maarifləndirmə işində əsasən daxili potensialdan istifadə olunmasına diqqət yetirilməsi vacib faktora çevrildi. Təbii ki, bütün bunlar Azərbaycan müstəqilliyini bərpa etdikdən bir müddət sonra xalqın təkidi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsindəki uğurlarının nəticəsi idi. Bu uğurların əsas səbəbi hər sahədə olduğu kimi, dinlə bağlı siyasətin də təməlindən sağlam, düzgün istiqamətdə qurulmasında idi. Məhz Ümummilli Liderin sayəsində din sahəsində sabitlik təmin edildi, milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişdi, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanıldı. Dövlət-din münasibətləri beynəlxalq hüquq normaları müstəvisində tənzimləndi, xalqımız öz milli, dini bayramlarını azad və sərbəst şəkildə qeyd etmək hüququ qazandı. Uzun illər baxımsız qaldığına görə dağılmış ibadət ocaqları yenidən bərpa edilib xalqın istifadəsinə verildi. Dini konfessiyalar arasında dözümlülük mühiti daha da inkişaf etdirildi. Ulu Öndər milliyyətindən, irqindən, dinindən asılı olmayaraq, Azərbaycanda məskunlaşan hər kəsin bütün sahələrdə hüquq bərabərliyinin dövlət tərəfindən təmin edilməsini prinsipial məsələ kimi bəyan etdi: “...Ölkəmizin vətəndaşları dini, irqi mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq eyni hüquqlara malikdirlər və onların hüquqları Azərbaycan dövləti tərəfindən qorunur. Əmin ola bilərsiniz ki, biz bu prinsiplərimizə daim sadiq qalacağıq və Azərbaycan vətəndaşlarının din, dil mənsubiyyətindən və siyasi baxışlarından asılı olaraq bir-biri ilə münaqişəyə girməsinə gələcəkdə də yol verməyəcəyik”.

    Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçib və Öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Birmənalı şəkildə qeyd etmək olar ki, Ulu Öndər Azərbaycan multikulturalizminin siyasi banisidir.

    Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. Bununla yanaşı, Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi.

    Azərbaycanın müstəqillik yolunda əmin addımlarla irəlilədiyi ilk illərdə Ulu Öndər Heydər Əliyevin ölkənin vahidliyi və bütövlüyünü təmin etməyin ən uğurlu modeli kimi Azərbaycançılığı dövlət siyasəti halına gətirməsi, həmçinin, XXI əsrin astanasında beynəlxalq miqyasda iqtisadi-siyasi sferada dayanıqlılığı və etibarlı tərəfdaş imici ilə qəbul edilən ölkəmizdə multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilməsi Azərbaycan dövlətçilik tarixində imza atılan, dönüş xarakterli uğurlardan sayılır. Çünki Azərbaycançılığın inkişafı multikultural mühitdən kənarda reallaşa bilməzdi. Biri-birini ahəngdar şəkildə tamamlayan bu iki baxışlar sistemi dövlət maraqları ilə yanaşı, milli-mənəvi dəyərlər, mədəni və etnokonfessional müstəvidə müxtəlifliklər arasında harmonik uzlaşmanı təmin etməsi ilə səciyyələnir. Bu kontekstdə Azərbaycançılıq dövlət siyasətinin strategiyası olaraq Azərbaycan cəmiyyətinin bugününün və gələcəyinin müasir ideoloji qavranması ilə sıx birləşir. Azərbaycançılıq milli ideologiyanın əsası kimi müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi surətdə birliyini təcəssüm edir. O, milli maraqları ifadə edən güclü dövlət hakimiyyətinə və yüksək milli intizama, formalaşan milli özünüdərkə əsaslanır, ən müxtəlif sosial təbəqələrdə anlaşma axtarır, millətin və dövlətin öz potensialından irəli gələn daimi, lakin qeyri-radikal islahatçılığı təbliğ edir. Azərbaycançılıq məfkurəsi multikultural münasibətlərin hakim olduğu Azərbaycan cəmiyyətində və ictimai-siyasi münasibətlərin qeyri-müəyyənliyi ilə diqqəti cəlb edən beynəlxalq aləmdə öz orijinallığı ilə seçilir. Hər iki məfhum bir-biri ilə üzvi vəhdət təşkil edən ideologiya və həyat norması kimi ölkədaxili ictimai-siyasi və sosial-mədəni münasibətlərin tənzimləyicisi və hərəkətverici qüvvəsi qismində çıxış edir, ziddiyyətlər və təlatümlər burulğanında siyasi maraqların diqtəsi altında hərəkət edən Qərblə Şərqin qovşağında qərar tutmuş Azərbaycanın alturist düşüncədən qaynaqlanan, bəşəri dəyərlərə ciddi önəm verən, mənəviyyatı və humanist prinsipləri bütün maraqların fövqündə saxlayan davranış tərzində öz aydın ifadəsini tapmışdır.

    Məhz etnik-mədəni müxtəlifliklər arasındakı münasibətlərin düzgün tənzimlənməsi işində respublikamızın spesifik sülhsevər siyasətinin nəticəsidir ki, bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş ölkələr də Azərbaycanda multikultural mühitin mövcudluğunu nəinki inkar edə bilmir, üstəlik bu sosial münasibət və dövlət siyasətinin dünya üçün nümunə olduğunu təsdiqləyirlər. Çünki tarixən Azərbaycan cəmiyyətinə xas olan fərqli mədəniyyət, din, dillərə ehtiram kimi humanist münasibətin dövlət tərəfindən inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyət multikulturalizm fenomenini gerçək mahiyyətinə uyğun şəkildə dünya gündəmində aktuallaşdırıb.


    Amil CAVADOV,
    Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri


    PAYLAŞ:

    Oxşar xəbərlər