Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir

Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir
  • Cəmiyyət

  • Sülh bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitədir. Bu, elə bir anlamdır ki, əsrlər boyu bəşər övladı sülh şəraitində yaşamaq-yaratmaq, dünya xalqları ilə əmin-amanlıq şəraitində əlaqə qurmaq, əməkdaşlıq etmək arzusunda olub və bu gün də belədir. Əlbəttə ki, sülhün hökm sürdüyü məkanda qurub-yaratmaq, dinclik-sosial, iqtisadi və mədəni inkişaf var. Açıq səma altında insanlar dünyanın gözəlliyini duymaq, azadlıq, bərabərlik və ədalətin hökm sürməsini istəyirlər. Müasir və modernləşən Azərbaycan bu gün sülhməramlı niyyəti ilə dünyaya nümunədir. Ölkədə hökm sürən əmin-amanlıq mühiti, sülh və həmrəylik, birgəyaşayışı tolerantlıq mühiti bəşəriyyətə sülh şəraitində yaşamaq üçün bir mesajdır.
                  
    Azərbaycan sülsevər siyasətini davam etdirsə də, amma Ermənistan çirkin niyyətini davam etdirməkdədir. Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması, mülki şəxslərin öldürülməsi, xüsusilə, uşaqları məqsədyönlü şəkildə hədəfə alması Ermənistan dövlətinin yürütdüyü işğalçılıq siyasətinin tərkib hissəsidir. Ötən il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndinə hücumu nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhranın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın isə ağır yaralanması, bir daha onu göstərir ki, Ermənistan dövləti öz təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərini pozur, region üçün təhlükə yaratmış olur.
                 
    Sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində aparılan beynəlxalq miqyaslı tədbirlər nəticəsiz qaldıqca, insanların qorxu və vahimə içərisində yaşamaları da davam edir. Azərbaycan xalqı bu gün Beynəlxalq Sülh Gününü qeyd etsə də, amma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamışdır. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Beynəlxalq vasitəçilərin apardıqları sülh danışıqlarının səmərə verməməsi regionda təhlükəsizliyin təminatına əngəl yaratmaqdadır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin istər beynəlxalq tribunalardan, istərsə də doğma yurd-yuvasını itirmiş bir milyon qaçqın və məcburi köçkünlə görüşlərində, bəyan etdiyi kimi, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulan respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir. Ermənistan, nəinki atəşkəsə əməl etmir, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini kobud şəkildə pozmaqda davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edildiyini, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparıldığını və bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirmişdir.
                 
    Əgər bu gün dünyada sülhə çağırışlar ediriksə, onda dinc sakinlərin, qocaların, qadınların və körpə uşaqların qətlə yetirilməsinə biganəlik göstərilməməlidir. Bu gün Azərbaycan qüdrətli və güclü orduya malikdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən və beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür.
    Dünyada baş verən neqativ hadisələr fonunda Azərbaycan digər ölkələrin nümunə götürəcəyi müsbət bir modeldir. Azərbaycanda müxtəlif dinlərə mənsub və fərqli adət-ənənələri olan xalqların nümayəndələri əsrlərdir ki, mehriban və sülh şəraitində birgə yaşayır və yaşayacaqlar. Bəli, bu, Azərbaycan gerçəklikləridir. Müasir dünyada yüksək texnologiyalara sahib inkişaf etmiş bəzi ölkələr bəşər insanına yardım göstərməkdə tərəddüd etdiyi halda, Azərbaycan öz qucağını dinindən və irqindən asılı olmayaraq, bəşər insanına açır. Azərbaycan rəhbərliyi humanitar fəlakətlərin qarşısının alınması, öz yurdlarından didərgin düşmüş insanlara dünyanın istənilən yerində hərtərəfli dəstək verilməsi istiqamətində təsirli addımlar atıb. Qeyd etdiyimiz kimi, uzun illərdir ki, Ermənistan Azərbaycan ərazisini işğal edib, milyonlarla dinc insan öz yurdundan didərgin salınsa da, Azərbaycan sülhsevər siyasətini davam etdirir, humanitar sahədə əməkdaşlığını davam etdirir. Humanizm, mədəniyyət, tolerantlıq və dialoq vasitələrinə üstünlük verir.
                
    Bu gün Beynəlxalq Sülh Gününü qeyd edən Azərbaycan yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, hər kəsi sülhə səsləyir. Dünyada analoqu olmayan bir faciəni - Xocalı faciəsini yaşayan bir xalq bir də dünyada belə bir soyqırımının təkrarlanmasını istəmir. Münaqişə ocaqlarının alovlanmasının qarşısı almağa çalışır.
     


                     
    Ceyhun Hüseynov,      
    Masallı MRX İƏ söbəsinin mütəxəssisi
     
     
     
    PAYLAŞ:

    Oxşar xəbərlər