Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Cəbrayıl aşıqların ulu babası sayılan Aşıq Qurbaninin, Aşıq Pərinin, Muğrum Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın və bu kimi el sənətkarlarının vətənidir.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 1050 kvadratkilometri əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən 100-ə yaxın kənd, 72 ümumtəhsil məktəbi, 150 mədəniyyət ocağı, 132 tarixi abidə işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılıb.Cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonu üzrə 2 minədək yaşayış məntəqəsində, eləcə də qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdır. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi olub. Cəbrayıldan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. Rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Cəbrayıl rayonunun ərazisi mərmər və digər qiymətli tikinti materialları ilə zəngindir. Rayonda hətta neft yataqlarının olduğu da bəllidir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Cəbrayıl Vətən müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi olub və bu əməliyyat nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır.
2020-ci il noyabrın 16-da Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfəri baş tutmuş və Prezidentimiz Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırmışdır. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir.
Cənab Prezidentimizin komandanlığı ilə torpaqlarımız düşmən tapdağından azad olundu. Biz hamımız Prezidentimizin saysində bu gün öz torpaqlarımıza qovuşa bildik. Bu qələbəni Prezident İlham Əliyevə,şəhidlərimizə, qazilərimizə, ordumuza borcluyuq.
Yaşasın Azərbaycan ordusu!
Əsəd Əsədli,
Masallı Dövlət Regional Kollecinin müəllimi