Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından üç il ötür.
Ermənilərin atdığı raketlər 2020-ci ilin oktyabrın 4-ü səhər saatlarında Gəncə şəhərində sakinlərin yaşadığı ikimərtəbəli binaya və fərdi yaşayış evlərinə düşüb.
Nəticədə Əliyev Tunar Qoşqar oğlu şəhid olub, digər 32 mülki şəxs isə yaralanıb. Həmçinin mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş terror əməllərinə görə ittiham olunan Qarabağda qondarma rejimin “prezident”i olmuş Arayik Arutyunyan ötən gün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, 2020-ci ilin oktyabrın 4-də rəsmi sosial şəbəkə hesablarında Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini etiraf etmişdi.